DÜNYA
Hindistanda daşqınlar səbəbindən evlərini tərk edənlərin sayı 1 milyon nəfəri ötüb VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Hindistanın cənubunda yerləşən Kerala ştatında güclü daşqınlar səbəbindən 1 milyondan çox insan evini tərk edib və qaçqınlar üçün yaradılmış müvəqqəti düşərgələrə yerləşib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli hökumət orqanlarının məlumatına əsasən, hazırda 1,028 milyon insan 3,2 mindən çox xüsusi düşərgədə məskunlaşıb. Bununla yanaşı, minlərlə insan hələ də təhlükəli ərazilərdə qalır. Onların əksəriyyəti öz evlərini tərk etmək istəmir.
Daşqınlara məruz qalan ərazilərdə suyun səviyyəsi yer səthindən 60 santimetr hündürlüyə qalxıb. Yollarda avtomobillərin hərəkəti dayanıb. Leysan yağışları əvvəlki gücü ilə olmasa da, hələ də davam edir. Təbii fəlakət nəticəsində, həmçinin 410 nəfər həlak olub.
Qeyd edək ki, Hindistanda yağışlar mövsümü iyun ayından başlayıb. Avqustun 8-dən isə Kerala ştatı xüsusilə güclü leysan yağışlarının təsirinə məruz qalıb. Çaylarda suyun səviyyəsi artmaqda davam edir. Nəticədə bir neçə şəhər, əsasən də Çalakudi və Trissur demək olar ki, tamamilə suyun altında qalıb. Ştatın ən iri hava limanı olan Koçin aeroportunun avqustun 26-dan tez açılmayacağı bildirilir.
Yerli hökumətin hesablamalarına görə, regionda son 100 ilin ən güclü musson yağışları qeydə alınıb. Hindistanda yağışlar mövsümü adətən sentyabr ayınadək davam edir.