SİYASƏT


İqtisadi Əməkdaşlıq Təşkilatının internet səhifəsində Anım Günü ilə əlaqədar mətbuata açıqlama yayımlanıb

Tehran, 29 sentyabr, AZƏRTAC

Mənzil-qərargahı Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmi internet səhifəsində 27 sentyabr - Anım Günü ilə əlaqədar mətbuata açıqlama yayımlanıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada sentyabrın 27-də İƏT Baş katibinin müavini Hüseyn Avni Bıçaqlı və təşkilatın Enerji, Minerallar və Ətraf mühit üzrə departamentinin direktoru Rövşən Mirzəyev Azərbaycanın İrandakı səfirliyində keçirilən anım tədbirində iştirak etdikləri bildirilib.

Qeyd olunub ki, tədbirə Tehran şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İran Xarici İşlər Nazirliyinin rəsmiləri, ictimaiyyət və media nümayəndələri, eləcə də, İranda yaşayan azərbaycanlılar da qatılıblar.

Əvvəlcə 44 günlük Vətən müharibəsindən bəhs edən sənədli film və fotosərgi nümayiş olunub.

İƏT Baş katibinin müavini Hüseyn Avni Bıçaqlı çıxış edərək Azərbaycanın ərazilərinin işğaldan azad olunması münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib. Bu Qələbənin regionda sülh və firavanlığın bərqərar olmasının mühüm əlaməti olduğunu bildirib. Baş katibin müavini Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların ailələrinə başsağlığı verərək qazilərə və yaralı mülki şəxslərə şəfa diləyib. O, regionda dayanıqlı inkişafın əldə olunması üçün sülh və sabitliyin əhəmiyyətini bir daha vurğulayaraq, İƏT tərəfindən həyata keçirilən layihələr vasitəsilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinə kömək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.

Digər çıxış edənlər - Azərbaycanın İrandakı səfiri və İƏT yanındakı daimi nümayəndəsi Əli Əlizadə və İranın ölkəmizdəki sabiq səfiri Möhsün Pakayin müharibə dövründə ermənilər tərəfindən mülki şəxslərə qarşı törədilmiş cinayətləri, həmçinin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzü pisləyiblər.

Çıxışçılar, eyni zamanda regionda, o cümlədən Azərbaycan ilə İran arasında yaxşı qonşuluğun və həmrəyliyin əhəmiyyəti, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.