MƏDƏNİYYƏT
İsveçrənin Bazel şəhərində keçirilən film festivalında Azərbaycan filmi nümayiş etdirilib
Bakı, 27 oktyabr, AZƏRTAC
İsveçrənin Bazel şəhərində keçirilən XVI “Cinema Querfeld” film festivalında azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmi təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə nümayiş etdirilən ekran əsəri isveçrəli izləyicilərdə maraq doğurub. Birlik filmin alman dilində altyazısını xüsusi olaraq bu festival üçün hazırlayıb.
Qeyd edək ki, diaspor təşkilatlarının və isveçrəlilərin birlikdə hazırladığı “Cinema Querfeld” festivalında filmlər çəkildiyi dildə və almanca altyazılarla tamaşaçılara təqdim olunur.
Filmin təqdimatı çərçivəsində İsveçrədə yaşayan tanınmış rəqqasə Mariya Xan Xoyskaya “Sarı gəlin" Azərbaycan xalq mahnısını ifa edib. Onu isveçrəli musiqiçi Yvette Baum müşayiət edib.
“Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva Bodmer bildirib ki, rəhbərlik etdiyi təşkilat 2014-cü ildən etibarən hər il bu festivalda iştirak edir və Azərbaycan filmlərini isveçrəlilərə təqdim etməkdən qürur duyur.
Tədbir çərçivəsində Azərbaycanın milli mətbəx nümunələri də nümayiş etdirilib.