İQTİSADİYYAT
İxtiraçılıq sahəsində birinci respublika müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 27-də Bakıda ixtiraçılıq sahəsində birinci respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov çıxış edərək bütün dövrlərdə alimlərimizin Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələr verdiklərini bildirmişdir. Qeyd etmişdir ki, bu gün də Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə bağlı olmalıdır. Müasir elmin sənayedə tətbiqi, müxtəlif sənaye mülkiyyəti obyektlərinin, ixtiraların mühafizəsini isə təbii olaraq dövlət öz üzərinə götürmüşdür.
Ramiz Həsənov vurğulamışdır ki, qloballaşan dünyada innovasiyaların durmadan inkişafı yeni ideyaların, ixtiraların yaranmasını sürətləndirmişdir. Bu proseslərdə yaxından iştirak edən SMPDK intellektual mülkiyyət obyektləri olan ixtira, sənaye nümunəsi, faydalı model, o cümlədən əmtəə nişanı, coğrafi göstəricilərin hüquqi mühafizəsini həyata keçirir, patent sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Komitə sədri diqqətə çatdırmışdır ki, Dünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlıq çərçivəsində bu sahədə ən inkişaf etmiş Koreya Respublikasının təcrübəsi öyrənilmiş, Azərbaycanda “E-Patent Service” sistemi qurulmuşdur. Artıq sənaye mülkiyyəti obyektlərinin mühafizəsi məqsədilə müraciət etmək daha da asanlaşmış, elektron şəkildə müvafiq sənədlər qəbul olunur və elektron sənəd dövriyyəsi vasitəsilə icraya yönləndirilir. Komitə tərəfindən təşkil edilən bu müsabiqə patent sisteminin inkişafında yeni bir töhfə olacaq, yeni innovasiyaların yaradılması istiqamətində əlavə stimul yaradacaqdır.
Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov Azərbaycanda patent sisteminin inkişafından, müsabiqənin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, müsabiqələrin təşkili davam etdiriləcəkdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycanda patent sisteminin inkişafından, müsabiqənin əhəmiyyətindən danışmışdır. Diqqətə çatdırılmışdır ki, belə müsabiqələrin keçirilməsi davamlı olmalıdır. Müsabiqə elmi potensialın möhkəmləndirilməsinə töhfəsini verəcəkdir.
Digər çıxış edənlər də ölkədə patent sahəsinin tərəqqisindən, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, müsabiqənin vacibliyindən danışmışlar.
Müsabiqənin yekunlarına əsasən Alkil-üçlü-alkil efirlərinin ion mayesi ilə selektiv təmizlənməsi üsulu” adlı ixtiraya görə qalib elan edilən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutuna birinci dərəcəli diplom və hədiyyələr verilmişdir.
Sonrakı yerləri tutan daha üç iştirakçıya üçüncü, iki nəfərə isə ikinci dərəcəli diplomlar və hədiyyələr təqdim edilmişdir.