MƏDƏNİYYƏT
M.F.Axundzadənin altı komediyası və “Aldanmış kəvakib” povesti macar dilinə tərcümə edilir
Budapeşt, 19 yanvar (AZƏRTAC). Bu il Azərbaycan dramaturgiyasının banisi, XIX əsr Azərbaycan ictimai-siyasi fikrinin ən görkəmli nümayəndələrindən biri Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyi qeyd ediləcəkdir.
Azərbaycanın Macarıstandakı səfirliyi beynəlxalq miqyasda qeyd ediləcək bu mühüm mədəni hadisəyə öz töhfəsini verərək böyük ədibin əsərlərinin macar dilində nəşri ilə bağlı layihə həyata keçirir.
M.F.Axundzadənin altı komediyasını və “Aldanmış kəvakib” povestini orijinaldan macar dilinə azərbaycanşünas-alim, Budapeştdəki Etvöş Lorand Universitetinin müəllimi Mariya Keneşi tərcümə edir.
Bakı Dövlət Universitetini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmiş Mariya Keneşi “Macarca-azərbaycanca danışıq kitabçası”, “Gəlin Azərbaycan dilində danışaq” (professor Kamal Abdulla ilə birlikdə) kitablarının müəllifi, Cəlil Məmmədquluzadənin ötən il macar dilində nəşr olunmuş “Seçilmiş hekayələr”inin tərcüməçisidir.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba “Yeni Azərbaycan ədəbiyyatının banisi” adlı müqəddimə yazmışdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt