REGİONLAR


Masallıda “Nizami dünyası” musiqili ədəbi-bədii kompozisiyası nümayiş olunub

Masallı, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Xalq Teatrının səhnəsində dünyaşöhrətli filosof şair Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Nizami dünyası” adlı musiqili ədəbi-bədii kompozisiya nümayiş olunub. Dahi və mütəfəkkir şair Nizami Gəncəvinin adını daşıyan sənət ocağında - Masallı Rayon Mədəniyyət Mərkəzində reallaşan təqdimatda rayon rəsmiləri, media mənsubları, mədəniyyət işçiləri, tələbələr və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rejissor Cəmaləddin Əliyevin quruluş verdiyi ədəbi-bədii kompozisiya Xalq Teatrının və Masallı Dövlət Regional Kollecinin birgə əməyi ilə səhnəyə qoyulub.

Tamaşadan əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar müxtəlif mədəniyyət tədbirlərinin keçirildiyini qeyd edərək, bu tədbirlərin böyük şairin yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun təşkil edildiyini söyləyib.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova il ərzində rayonun mədəniyyət müəssisələri tərəfindən "Nizami Gəncəvi İli" çərçivəsində həyata keçirilmiş tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib. O, keçirilən tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra “Nizami dünyası” musiqili ədəbi-bədii kompozisiyası nümayiş olunub.

Əvvəlcə tələbələr dahi şairin "Söz" şeirini səsləndiriblər. Masallı Xalq Teatrının həvəskar aktyorlarının ifasında böyük sənətkarın eyniadlı əsərinin motivləri əsasında hazırlanmış "Kərpickəsən kişinin dastanı" kompozisiyası nümayiş etdirilib. Tanınmış incəsənət ustası Miriş Hüseynov "Sənsiz" romansını ifa edib.

Böyük söz ustadının "Yenə tövbə evimi eşq xərab etmədədir" qəzəlinə bəstələnmiş musiqi əsəri sevilən sənətçilər Miriş Hüseynov, Şamo İbayev və Ruslan Zahidov tərəfindən duet şəklində ifa olunub. Musiqili ədəbi-bədii kompozisiya Ruslan Zahidovun ifasında "Sevgili canan" romansı ilə yekunlaşıb.

Tədbirdə "Nizami Gəncəvi İli" çərçivəsində keçirilmiş mədəniyyət tədbirlərində fəal iştirak edən tələbələrə idarənin "Təşəkkürnamə"si təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.