REGİONLAR
Masallının Köçəkli kəndində “Kəndimizin şəhidləri” abidə kompleksi istifadəyə verilib
Masallı, 25 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Köçəkli kəndində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş “Kəndimizin şəhidləri” abidə kompleksinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə kompleksində Birinci və İkinci Qarabağ müharibəsində Masallı rayonunun Köçəkli kəndindən şəhid olmuş altı qəhrəman döyüşçünün - Ceyhun Yaqubov, Əli Rəhimov, Sərhəddin Rəhimov, İntiqam Abbasov, Fəttah Şamıyev və Gülhüseyn Orucovun şəkilləri mərmər lövhələrə həkk olunub.
Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, rayonun hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, rayonun Köçəkli kəndindən olan şəhidlərin keçdiyi döyüş yolundan, göstərdikləri şücaət və qəhrəmanlıqdan danışıblar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Sonda mərasim iştirakçıları abidə önünə gül dəstələri düzərək şəhidlərin ruhuna dualar oxuyublar.