Mənəvi dəyərlərimizin təbliğində maarifçiliyin rolu müzakirə edilib
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə “Mənəvi dəyərlərimiz milli varlığımızdır: maarifçilik əsas təbliğat vasitəsi kimi” mövzusunda tədbir keçirilib.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Gənclər və İdman İdarəsinin nümayəndəsi İlqar Qasımov mövzunun əhəmiyyətindən danışıb. Vurğulayıb ki, belə tədbirlər gənclərin mənəvi dəyərlərimizə bağlılığında mühüm rol oynayır.
TUMİB-in sədri Çingiz Bayramov qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması xalqımızın, dövlətimizin inkişafı və möhkəmlənməsi üçün vacibdir. Xalqımız hər zaman milli dəyərlərə sadiq olub və bu dəyərləri əsrlərboyu qoruyaraq inkişaf etdirib. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizdə multikultural dəyərləri yaxından və ətraflı şəkildə öyrənməyimiz üçün dini inanclı insanların daha mükəmməl təhsil almalarına yönələn mühüm addımlardan olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Anar Məcidzadə çıxışında təmsil etdiyi qurumun və onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun müvafiq sahədə gördüyü işlərdən bəhs edib. Diqqətə çatdırıb ki, Fond Azərbaycanda mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərir. Mənəvi dəyərlərin təbliği sahəsində müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları fəal rol oynayır.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.