İQTİSADİYYAT


Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək üçün müraciətlərin qəbuluna başlanıb

Bakı, 21 yanvar, AZƏRTAC

Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək üçün müraciətlərin qəbuluna başlanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, yanvarın 21-dən etibarən mikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək üçün quruma müraciət edə bilərlər. Müraciətlər Agentliyə elektron qaydada təqdim edilməlidir. Müvafiq müraciət forması KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib: https://bit.ly/3nJCSaA.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. Qaydaya əsasən dəstək KOBİA tərəfindən təmin olunacaq. Dəstəkdən mikro və kiçik sahibkarlar istifadə edə bilərlər. Bu dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 santimetr, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20 faizini, kiçik sahibkarlıq subyekti isə 50 faizini ödəyəcək. KOBİA tərəfindən ticarət obyektlərində icarəyə götürülən satış yerləri barədə məlumatlar agentliyin rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək.

Dəstəkdən faydalanacaq sahibkarların seçilməsi zamanı bir sıra meyarlar nəzərə alınır. Bunlara məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması, məhsulun idxalı əvəzləmək potensialı, məhsulun Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi, sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.