İQTİSADİYYAT
Nazirlik: “Masdar” şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üzrə müqavilə yaxın vaxtlarda imzalanacaq
Bakı, 6 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə Azərbaycanda günəş elektrik stansiyalarının tikintisinə dair müqavilə yaxın vaxtlarda imzalanacaq.
AZƏRTAC Energetika Nazirliyinə istinadla xəbər verir ki, 2020-ci ildə nazirlik tərəfindən layihənin ilkin Texniki Göstəricilərini ehtiva edən sənəd hazırlanaraq xarici şirkətə ünvanlanıb və layihə üzrə şirkətlərlə onlayn müzakirələr aparılıb. Eyni zamanda, layihədə iştirak etməkdə öz marağını bildirmiş xarici şirkətlərlə müvafiq seminar keçirilib və şirkətlər tərəfindən layihə təklifləri daxil olub. Həmçinin stansiyasının tikintisi üçün seçilmiş əraziyə investorların iştirakı ilə səfər təşkil olunub.
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri imzalanan icra müqavilələrinə uyğun olaraq günəş və külək elektrik stansiyalarıının tikintisinin reallaşdırılması nəzərdə tutulan sahələrə aidiyyəti dövlət orqanları nümayəndələrinin iştirakı ilə səfərlər edilib, müvafiq tədbirlərin görülməsi yolu ilə torpaqla bağlı məsələlər həll olunub. “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrindən ibarət yaradılmış İşçi qrupunda pilot layihələrin enerji sisteminə inteqrasiyası ilə bağlı ilkin sxemlər müzakirə edilib, enerji sisteminin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən beynəlxalq standartlara müvafiq tələblər və şəbəkənin gücləndirilməsinə dair görüləcək işlər müəyyənləşdirilib. “White and Case” beynəlxalq məsləhətçi şirkəti cəlb olunmaqla investorlarla imzalanması nəzərdə tutulan “Enerji alqı-satqı müqaviləsi”, “İnvestisiya müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi” sənədlərinin layihələri hazırlanıb, aidiyyəti qrumlardan rəy və təkliflər toplanaraq təkmilləşdirilib və investorlara təqdim edilib.
Energetika Nazirliyi və “Azərenerji” ASC tərəfindən “ACWA Power” şirkəti ilə müvafiq olaraq “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin imzalanması təmin edilib. İcra müqaviləsinə uyğun olaraq, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müqavilə layihələrinin müzakirəsi davam etdirilir və ən yaxın vaxtlarda bu müqavilələrin imzalanması istiqamətində təkliflər təqdim olunacaq.
Nazirlik tərəfindən ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Hazırda müvafiq qanunvericilik aktının razılaşdırılması istiqamətində müzakirələr davam etdirilir.