Qarabağ qazisi İdman Akademiyasında Tələbə Gənclər Təşkilatının sədri seçilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçki keçirilib.
ADBTİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səsvermə nəticəsində İkinci Qarabağ müharibəsinin qazisi, akademiyanın magistrantı Elnur Əkbərov səs çoxluğu ilə ADBTİA-nın Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçilib.
Vətən müharibəsi qazisi Elnur Əkbərov Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq qolunu itirib. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda göstərdiyi rəşadətə görə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.