İQTİSADİYYAT
Rüstəm Qasemi: İran və Azərbaycanın yeni birgə layihələrinin icrasının şahidi olacağıq
Tehran, 25 may, AZƏRTAC
İranla Azərbaycan arasında nəqliyyat və tranzit sahəsindəki əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə layihələr region ölkələrinin də inkişafına imkan yaradacaq.
Bu fikri AZƏRTAC-a müsahibəsində İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib. O bildirib ki, Astaraçay üzərində Azərbaycan ilə İranın birgə layihəsi olan yeni körpünün salınması 6 ay ərzində başa çatdırılacaq. Açılış mərasimində İran və Azərbaycanın yüksək səviyyəli rəsmi şəxsləri də iştirak edəcəklər. Bu yol yüklərin tranzit daşınmasında mühüm əhəmiyyət kəsb edir. Layihə iki dövlətin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində birgə fəaliyyətləri nəticəsində meydana çıxıb. İranla Azərbaycan Asiya və Avropanı nəqliyyat baxımından birləşdirməklə digər qonşu dövlətlər üçün də iqtisadi perspektivlər açır.
Nazir vurğulayıb ki, İran-Azərbaycan müştərək iqtisadi komissiyasının fəaliyyəti yüksək səviyyədədir. Komissiyanın Bakıda keçirilən iclasında bir çox əməkdaşlıq məsələləri müzakirə olunub və razılıqlar əldə edilib.
Azərbaycanın Astara şəhərində apardığı yük terminalı tikintisi də nəzərdə tutulan plan üzrə davam edir. İki ölkə arasında dəmir yollarına aid yeni layihələr icra olunacaq. İqtisadiyyatın digər sahələrində də əlaqələr “Yol xəritəsi”ndə nəzərdə tutulduğu kimi inkişaf etdirilir. Qarşılıqlı ticarət dövriyyəsinin 30 faiz artması buna misal ola bilər. Əlaqələrimizin yüksələn xətlə inkişafı iki ölkəyə iqtisadi dividendlər gətirməklə yanaşı, mehriban qonşuluq və dostluq münasibətlərində olduğumuzu da göstərir. Bu nailiyyətlərə qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində çatmaq mümkün olub.
Rüstəm Qasemi qeyd edib ki, hazırda Azərbaycan və İran nəqliyyat, enerji, sənaye layihələrinin inkişaf etdirilməsi üzərində çalışır. Əlaqələrimiz gündən-günə inkişaf edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran