İQTİSADİYYAT


SOCAR: Hazırda Bakı-Tbilisi-Ceyhan kəməri əvvəlki kimi öz fəaliyyətini davam etdirir

Bakı, 7 oktyabr, AZƏRTAC

Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Azərbaycanın Baş Prokurorluğuna istinadən yayılmış xəbərdə bildirilir ki, Ermənistanın silahlı qüvvələri tərəfindən Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb. Boru kəmərinin operatorundan aldığımız məlumata görə, BTC ixrac boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir. BTC boru kəmərinin paydaşları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır. Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla Ermənistan təkcə bizim ölkənin deyil, Avropa İttifaqının da enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır. Bu təhdid yeni deyil, sonuncu dəfə cari ilin iyul ayında Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin hücumu beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturumuzu birbaşa təhlükə altına qoymuşdu. Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının Ermənistanın uzunmüddətli işğalı altında olması beynəlxalq neft və qaz boru kəmərləri üçün daimi təhdid və təhlükə mənbəyidir. Azərbaycanın Milli Ordusu hazırda Ermənistanın hücumlarını dəf etməklə, bu infrastrukturun təhlükəsizliyini təmin edən əsas amildir. Azərbaycan Ordusunun hazırkı əks-həmlə əməliyyatı işğal altında olan əraziləri tam azad etməklə Ermənistanın təhdidlərini tam aradan qaldıra biləcək yeganə amil kimi görünür. Bu isə boru kəmərlərimizin davamlı təhlükəsizliyini də təmin edəcək”, - deyə o qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.