Sahil Kərimli: İran Ermənistana dəstək verməkdən çəkinməli, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır
Bakı, 21 noyabr, AZƏRTAC
Cənub qonşumuz İran nəhayət başa düşür ki, Azərbaycanla hədə-qorxu və ya güc dili ilə danışmaq yolverilməzdir. İran rəhbərliyi anlayır ki, sərhədlərimizdə təlimlər keçirərək şou yaratmaq, sərsəm siyasi açıqlamalar səsləndirməklə Azərbaycan dövlətinin iradəsinə təsir etmək mümkün deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
S.Kərimli vurğulayıb ki, İranın Ali Dini Rəhbərinin müşavirinin son açıqlaması faktiki olaraq Tehranın geri çəkilməsidir. “İran rəhbərləri gördü ki, Azərbaycanı təhdid etmək, hədələmək heç bir nəticə verməyəcək. Məlumdur ki, ölkələrimiz arasında yaranan gərginlikdə məsuliyyət birbaşa İranın üzərinə düşür. Azərbaycan İrana daim dost və qardaş münasibəti bəsləyib, yürütdüyü siyasətdə səmimi olub. Hətta Prezident İlham Əliyev Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırmışdı. Amma İran dövləti bu xoş məramı layiqincə dəyərləndirə bilmədi. Ermənistana siyasi dəstək vermək, Qafanda konsulluğun açılması, Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə yönələn hörmətsizlik İran rəhbərliyinin yol verdiyi ciddi səhvlərdir. Görünən odur ki, İranın siyasi rəhbərliyi bu addımların səhv olduğunu başa düşür. Buna görə də Azərbaycanla münasibətlərə həssas yanaşmağa qərar verilib”, - deyə o qeyd edib.
S.Kərimli onu da bildirib ki, Qarabağın işğalının sonrakı illərdə tarixi ərazilərimizin talan olunmasında İranın Ermənistana verdiyi dəstəyi Azərbaycan xalqı unutmayıb. “Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini və mədəni abidələrimizin erməni vandalları tərəfindən dağıdılmasına, məscidlərimizin təhqir edilməsinə İranın heç bir reaksiya verməməsini də yaxşı xatırlayırıq. İran, eyni zamanda, xalqımızın ermənilər tərəfindən qanlı soyqırımı cinayətlərinə məruz qalmasına da göz yumub. Təəssüflər olsun ki, İran bu gün də terrorizmə, işğalçılığa, revanşist meyillərə dəstək verir, Ermənistana himayədarlıq edir”, - deyə S.Kərimli vurğulayıb.
Siyasi şərhçi əlavə edib ki, əgər İranın Ali Dini Rəhbərinin müşaviri öz açıqlamalarında həqiqətən səmimidirsə, rəsmi Tehran bunu əməldə də göstərməlidir. İran Ermənistana dəstək verməkdən çəkinməli, Azərbaycanla münasibətlərin normallaşmasına nail olmalı, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Yalnız bu halda bölgədə sülhdən, təhlükəsizlikdən və dostluqdan danışmaq olar.