“Son zəng”: Tərtərdə 1442 məzun orta məktəblə vidalaşıb
Tərtər, 14 iyun, AZƏRTAC
İyunun 14-də Tərtər rayonunun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalınıb. Bu il rayon üzrə 569 nəfər şagird XI sinfi, 873 nəfər şagird isə IX sinfi bitirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məzunların, məktəb rəhbərliyinin və məhdud sayda müəllimlərin iştirakı ilə təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində təşkil olunan “Son zəng” tədbirləri Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Çıxış edənlər məzunları təbrik edib, onlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıblar.
Tədbirdə çıxış edən müəllimlər və məzunlar təhsilə, gənc nəslə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.