Dağların qoynunda gizlənən möcüzə – Qanslar şəlaləsi VİDEO
Zaqatala, 3 sentyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qanslar şəlaləsi.
Azərbaycanın ən füsunkar təbiət guşələrindən biri olan Zaqatala rayonunda yerləşən Qanslar şəlaləsi özünəməxsus gözəlliyi ilə diqqət çəkir. Lakin bu təbiət möcüzəsinə gedib çatmaq heç də asan deyil.
Şəlaləyə aparan yol çay keçidlərindən, qayalıqlardan və sıx meşəlik ərazidən keçir.
Qanslar şəlaləsinə səfər etmək istəyənlərin marşrutu əvvəlcədən planlaması tövsiyə olunur. Bu səbəbdən səfərə Zaqataladan səhər saatlarında başlamaq daha məqsədəuyğundur.
Zaqatala rayon mərkəzinə çatmamış Muxax kəndindən Çardaqlar kəndi istiqamətində hərəkət etdikdən sonra asfalt yol bitir. Buradan etibarən marşrut daha çətin xarakter alır.

Səfərin ən mürəkkəb hissələrindən biri Muxax çayı boyunca hərəkətdir. Ərazidə hətta “Niva” və “UAZ” kimi yolsuzluq avtomobilləri ilə hərəkət etmək çətinləşir.
Təxminən üç saat ərzində çayın içi ilə, iri daşların və nahamar yolların üzərindən keçərək Ağdamqalal kəndi ərazisinə çatmaq mümkün olur. Buradan sonra avtomobillə hərəkət etmək mümkün deyil. Şəlaləyə qədər təxminən 7 kilometrlik piyada yol başlayır.
Mütəxəssislər belə marşrutlara çıxan şəxslərə yüngül qida, əlavə geyim və ehtiyat ayaqqabı götürməyi tövsiyə edirlər. Ərazidə çoxsaylı bulaqlar və təmiz çay sularının olması isə əlavə su yükünün daşınmasına ehtiyacı azaldır.
Piyada yürüş zamanı çayı dəfələrlə keçmək, qayalıqlardan və sürüşkən cığırlardan keçmək lazım gəlir. Sıx meşə, dağların sükutu və çayın gurultusu marşrutu həm çətin, həm də unudulmaz edir.

Bu ərazidə bələdçisiz hərəkət etmək isə tövsiyə olunmur. Çünki marşrut boyunca çay keçidləri, qayalıqlar və sürüşkən cığırlar ciddi diqqət tələb edir. Uzun yürüş zamanı kənd sakinlərinə də rast gəlmək mümkündür. Yorğun səyahətçilərə bəzi hissələrdə atlarla dəstək göstərilir və şəlaləyə daha yaxın əraziyə qədər hərəkət etmək asanlaşır.
Saatlarla davam edən yolun sonunda isə Qanslar şəlaləsi ziyarətçiləri möhtəşəm mənzərə ilə qarşılayır. Təxminən 60 metr hündürlükdən tökülən su qayaların arasından keçərək aşağıda çaya qovuşur. Hündür ağaclar, qayalıqlar, sıx yaşıllıq və gur axan su burada xüsusi təbiət mənzərəsi yaradır.
Səfərin ümumi müddəti isə kifayət qədər uzundur. Təxminən 3 saatlıq avtomobil və 4 saatlıq piyada yolun ardından şəlaləyə çatmaq mümkündür.
Qanslar şəlaləsinə gedən yol çətin olsa da, sonda qarşılaşan mənzərə çəkilən zəhməti unutdurur.
Müxbir - Rəşad Türkoğlu