Sumqayıtın yaradıcı gəncləri Vətən müharibəsinə həsr olunan rəsm sərgisinə qatılıblar
Sumqayıt, 25 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Nəsimi adına mədəniyyət və istirahət parkında 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Gənc qalib” adlı rəsm sərgisi keçirilib. Açıq səma altında mövcud pandemiya qaydalarına uyğun təşkil olunan sərgidə yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət 20-yə yaxın əsər nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar sərgiyə baxış keçiriblər. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarənin rəisi Elgün Hümbətov, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova çıxış edərək, sərginin 44 günlük Vətən müharibəsinin əbədiləşdirilməsi, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, istedadlı və yaradıcı gəncləri aşkara çıxarılmasında rolunu qeyd ediblər.
Sonda gənc rəssamlar Baş İdarənin diplom və hədiyyələri ilə təltif olunublar.