REGİONLAR
Vəndam çayı üzərində Yengicə su anbarı tikiləcək – Qəbələdən reportaj VİDEO
Qəbələ, 27 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkə ərazisində Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu su anbarlarından birinin Qəbələ rayon ərazisində Vəndam çayının hövzəsində tikilməsi planlaşdırılır. Rayonun Yenikənd kəndinin şimal hissəsində inşası reallaşdırılacaq Yengicə su anbarının yeri dəqiqləşdirildikdən sonra müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilib.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qəbələ Suvarma Sistemləri İdarəsinin nümayəndəsi Qurbanəli Daşdəmirovun sözlərinə görə, yeni yaradılacaq anbarın ümumi su tutumu 17,5 milyon kub, istifadə olunan həcmi isə 12,5 milyon kub nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.
Onun sözlərinə görə, Qəbələ rayonunda bütün çaylar başlanğıcını dağlardan götürdüyü üçün suyun miqdarı dağlara yağan qardan asılı olur. İsti keçən yay mövsümündə, təxminən bir ay müddətində Qəbələ rayonunun çaylarında su azlığı müşahidə olunur. Bu da suvarmanın istənilən səviyyədə aparılmasına imkan vermir. Ümumiyyətlə, Yengicə su anbarı tikildikdən sonra rayonda ilboyu torpaqların su ilə təminatında heç bir problem yaşanmayacaq.
Hazırda Qəbələ rayonunda Suvarma Sistemləri İdarəsinin suvarma şəbəkəsi 16 min hektara yaxın bir ərazini əhatə edir. Bu anbarın tikintisi ilə əlaqədar təxminən 4 min hektara yaxın əlavə sahə suvarılan şəbəkəyə daxil olacaq.
Qəbələ rayon sakini İkram Abdullayev deyir ki, yay aylarında kənd sakinləri əkin sahələrinin suvarılması üçün çox əziyyət çəkirlər: “Bu il keçən ilə nisbətən daha çətin keçdi. Bu səbəbdən Prezidentimizin su anbarları ilə bağlı Sərəncamı bizi sevindirməyə bilməz. Su anbarının tikintisi gələcəkdə kənd təsərrüfatının inkişafı üçün çox böyük zəmin yaradacaq”.