REGİONLAR
Xarici bazarlara 40 min tona yaxın Quba alması ixrac olunacaq
Quba, 9 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubanın bağlarında yetişən 40 min tona yaxın almanın xarici ölkələrə ixracı nəzərdə tutulub. Bu, cari ildə bağbanların əldə etdiyi məhsulun 65-70 faizini təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon bağlarında kütləvi alma yığımına sentyabrın 15-dən sonra başlanılıb. Əksər bağbanlar yüksəkkeyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyə çalışır. Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden delişes”, “Simirenko reneti”, “Fuji” sortları yetişdirilir.
Quba-Xaçmaz zonası üzrə ümumilikdə, 22 min hektardan çox alma bağı mövcuddur. Bunun 13 min hektardan çoxu Quba rayonunun payına düşür.
Quba Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən bildirilib ki, xaricə göndərilən məhsulun həcminə görə Rusiya bazarları ilk pillədə durur. Azərbaycanda becərilən meyvələr həm dadına, həm də tərkibi zəngin olduğuna görə tələbat da böyükdür. Bağbanlar ixrac olunan almanı topdansatış qiymətlə 0.50-1.50 manata satırlar. Yerli bazarlarda satılmaq üçün nəzərdə tutulan keyfiyyətli almanın bir kiloqramı alıcılara topdansatış qiymətlə 40-60 qəpiyə təklif olunur. Qubada yetişdirilən almanın təxminən 30-35 faizi ölkəmizin bazarlarında satışa çıxarılır.
Xaricə göndərilən almanın saxlanılmasında regionda yaradılan soyuducu anbarlar mühüm əhəmiyyətə malikdir. Sahibkarlar fermerlərdən aldıqları meyvəni bu anbarlarda bir müddət saxlayaraq, xarici bazarda daha münasib qiymətə sata bilirlər. Xaricə ixrac olunan almanın 90 faizi əvvəlcə regiondakı soyuducu anbarlarda toplanır, sonra xaricə ölkələrə göndərilir. Hazırda Quba rayonunda 20 soyuducu anbar fəaliyyət göstərir. Bu anbarlarda ümumilikdə 47 min ton məhsul saxlamaq mümkündür.
Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz zonası alma istehsalının 70 faizdən çoxunu təşkil edir. Ölkəmizin torpaq və iqlim şəraiti, eləcə də böyük alma idxalçısı - Rusiya ilə həmsərhəd olması alma istehsalı sahəsində ixracatçı dövlət olmağa imkan verir.
Qubadakı əksər bağbanlar indi intensiv bağçılıqdan faydalanıb, yüksəkkeyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyi bacarırlar. Son illər Quba rayonunda superintensiv alma bağlarının sahəsi 1380 hektara çatdırılıb.
Superintensiv meyvə bağlarının böyük hissəsi damcı üsulu ilə suvarılır. Təsərrüfatçılar bildirirlər ki, bu bağlarda əkilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə daha çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir.
Son iki ildə Quba rayonunda 158 hektar yeni alma bağı salınıb.