ELM VƏ TƏHSİL
Xəzər Universitetinin əməkdaşları İspaniyada beynəlxalq dərəcəli diplomlara layiq görülüblər
Bakı, 24 yanvar, AZƏRTAC
Xəzər Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa Komissiyasının “Erasmus+” proqramının “MEDİATS” layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya şəhərində San Antonio adına Katolik Universitetində intensiv təlim və tədris təcrübəsi formatında görüşlər keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimdə Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev, Təlim-tədris mərkəzinin direktoru Ülkər Bayramova, Psixologiya departamentinin rəhbəri Mələk Kərimova, Beynəlxalq əlaqələr ofisinin koordinatoru Lamiyə Pənahova, Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə iştirak ediblər.
Təlimlər paralel olaraq iki bölmədə aparılıb. Bir qrup əməkdaş tədris təcrübəsi görüşlərində iştirak edib. Təlim-təcrübənin yekununda C.Məmmədov beynəlxalq iştirakçı sertifikatı ilə təltif olunub. Təlimlərin digər hissəsi isə intensiv seminara həsr olunub. Bir həftə davam edən seminar-məşğələdən sonra iştirakçılar üç ölkə (Niderland Krallığı, Latviya, İspaniya) təcrübəsinin yekunu olaraq imtahan verərək beynəlxalq diplomlara layiq görülüblər.
Xəzər Universitetinin əməkdaşları - M.Kərimova, L.Pənahova, N.Əlizadə digər iştirakçılarla müqayisədə ən yüksək göstəriciləri əldə edərək Beynəlxalq Mediasiya Federasiyası və Niderland Biznes Akademiyasının birgə hazırladığı beynəlxalq dərəcəli mediator diplomu alıblar. Təlimdə iştirak edən digər əməkdaşlar - C.Məmmədov, E.Mustafayev, Ü.Bayramova da imtahanı uğurla tamamlayaraq “Mediasiya üzrə beynəlxalq konsultant” diplomu əldə ediblər.
Qeyd edək ki, “MEDİATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək, Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsindən faydalanaraq, münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir.