® Azərbaycan kiberidman tarixində ən bahalı transfer reallaşıb
Bakı, 15 aprel, Nicat Məmmədov, AZƏRTAC
Kiberidman üzrə yarışlar təşkil edən “Gaming League Azerbaijan” ilk transferini rəsmiləşdirib.
AZƏRTAC xəbər verir ki, “Gaming League Azerbaijan”ın yetirməsi Cavid Qurbanov 25 min manat qarşılığında GMT Esports- “Guardians of the Maiden Tower” - “Qız Qalasının keşikçiləri” klubu ilə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, 1999-cu ildə Bakıda anadan olan C.Qurbanov uşaq yaşlarından kiberidmanla maraqlanır. GLA tərəfindən keçirilən Milli Liqa yarışlarında qələbə qazanıb, dəfələrlə mükafatçılar sırasında yer alıb. MDB çempionatında Azərbaycan üzrə ən yüksək nəticəni göstərib. “FIFA EuroCup” turnirində ikinci yeri tutub.
“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov mətbuata açıqlamasında transfer barədə bunları danışıb: “Cavid Qurbanov Azərbaycan kiberidmanında ən güclü oyunçu- geymerlərdən biridir. Onun transferinə marağı təbii qarşıladıq. Buna görə oyunçunun dəyəri müəyyənləşdirildi və transferə görə 25 min manat tələb olundu. Avropa kiberidmanıyla müqayisədə cüzi görünən məbləğ Azərbaycanda ilkdir. Əsas kiberidmanın həm də oyunçulara maddi baxımdan gəlir gətirməsidir”.
Cavid Qurbanovun transfer olunduğu GMT Esports- “Guardians of the Maiden Tower” Azərbaycanın ilk kiberidman klubudur. Hazırda dünya reytinqində 18, MDB ölkələri arasında isə 3-cü pillədədir. Komandanın rəhbəri Oqtay Qasımzadə transferi yüksək dəyərləndirib: “Klubumuz bu transferlə heyəti gücləndirib. Bundan sonra da Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməyə çalışacağıq”.
Daha ətraflı məlumatı “Instagram” (“gmt.gg”, “Glahub”) və “YouTube”da (“Glahub”) əldə etmək olar.