İQTİSADİYYAT
® “Qara və Xəzər dənizi Logistika” forumu


Cari il sentyabrın 20-21-də “Four Season otelində” “Azerbaijan Maritime Engineering and Construction” MMC-nin təşkilatçılığı ilə “Qara və Xəzər dənizi Logistika” forumu keçirilib. Forumda 130 yerli və xarici şirkətdən 200-ə yaxın nümayəndə iştirak etdi.
Birinci gün qonaqların iştirakı ilə Bakı Ələt Limanı ziyarət edildi və orada yaradılan infrastruktur barədə məlumat verildi. Forum 3 sessiyadan ibarət olmaqla 14 məruzəçinin iştirakı ilə həyata keçirildi. Forumun sonunda iştirakçılar fikir mübadiləsi apararaq bir sıra layihələri müzakirə etdilər. Forumun gedişatında bir sıra əməkdaşlıqlara imza atıldı. Belə bir mühüm tədbirin reallaşması isə, şübhəsiz ki, Azərbaycanın regionda beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm ticarət, tranzit mərkəzinə çevrilməsini bir daha təsdiqləyir.
Ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürməkdə davam edir. Eyni zamanda, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi genişhəcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat verir.
Forumun baş partnyoru olan “AMEC” şirkətinin direktoru Rəşad Şəkərov mediaya müsahibəsində tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayaraq, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı olmaması səbəbindən ölkəmizin bütün beynəlxalq nəqliyyat, enerji, kommunikasiya xətlərinin digər dövlətlərin ərazisindən keçdiyini, bununla bağlı, ilk növbədə, Ermənistan istisna olmaqla, qonşu və digər ölkələrlə sıx dostluq münasibətləri yaradıldığını bildirib. Həmçinin bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin ölkəmizin logistika sisteminin inkişafına diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq yükdaşımalarda fəaliyyəti getdikcə genişlənir. Bu, müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin sayının getdikcə artması, mövcud sahədə bazarın şəffaflaşması nəticəsində “kölgə”də işləyən daşıyıcıların qeydiyyata alınması, onların bəzilərinin fəaliyyətinin bərpa edilməsi, bəzilərinin isə daxili bazardan beynəlxalq bazara keçidinin reallaşması ilə bağlıdır. Bundan savayı, yükdaşımalarda qanunvericiliyin təkmilləşdirilməsi də daim diqqət mərkəzində saxlanılır.
Bütün bunlar isə nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azərbaycanın logistika baxımından əhəmiyyətini daha da yüksəldir, bunun sayəsində bir sıra beynəlxalq layihələr gerçəkləşdirilir. Bu forumda da həmin təşəbbüslərin davamı olacaq yeni beynəlxalq layihələrin müzakirəsi nəzərdə tutulub.
Xatırladaq ki, sözügedən forum keçən il sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində keçirilib. Həmin tədbirdə Xəzər və Qara dəniz ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizləri və marşrutlarının, logistika infrastrukturunun inkişaf etdirilməsi, gömrük rəsmiləşdirilməsinin və ticarətinin sadələşdirilməsi, rəqəmsallaşdırılması, “Bir pəncərə” mexanizminin yaradılması və s. kimi mövzular müzakirə edilib. Ötən bir il ərzində sadalanan istiqamətlər üzrə müəyyən layihələr gerçəkləşdirilib və belə təşəbbüslərin bundan sonra da həyata keçirilməsi nəzərdə tutulub.