ELM VƏ TƏHSİL
"Lütfi Zadə: təfəkkürdə, məntiqdə, elmdə inqilab" mövzusunda vebinar təşkil olunub
![](/files/2021/2/1200x630/1626419279128607674_1200x630.jpg)
Bakı, 16 iyul, AZƏRTAC
Təhsil İnstitutu “Lütfi Zadə: təfəkkürdə, məntiqdə, elmdə inqilab” mövzusunda vebinar keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda spiker qismində Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru dosent Elxan Bəylərov çıxış edib.
E.Bəylərov Lütfi Zadənin qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsi haqqında ətraflı məlumat verib. O, qeyri-səlis məntiq nəzəriyyəsinin əsas mahiyyəti, mənsubiyyət funksiyası, hüquq məcəlləsi, tibbi diaqnoz, təhsil, mühəndislik, qərarların qəbulu, psixologiya və digər sahələrdə tətbiqindən bəhs edib.
Bundan əlavə, Lütfi Zadə irsinin varisi, texnika elmləri doktoru professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyevin müəllifi və həmmüəllifi olduğu kitabların ABŞ, Çin, Hindistan, Almaniya, Türkiyə, Bolqarıstan, Özbəkistan və s. kimi ölkələrdə 150-dən çox universitetdə dərslik və ya dərs vəsaiti kimi silabuslara daxil olunduğu vurğulanıb.
Bildirilib ki, Lütfi Zadənin yaradıcılığı süni intellekt, informasiya texnologiyaları və s. sahələrə mühüm töhfələr verib.
Vebinarda 150-yə yaxın ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçı, doktorant və dissertant, magistr, məktəb rəhbəri və digər pedaqoji sahələrdə çalışan şəxslər iştirak ediblər.