"Novruzu birlikdə qarşılayaq" rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub
Astara, 19 mart, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Dövlət Rəsm Qalereyası, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Novruzu birlikdə qarşılayaq” mövzusunda gənclər arasında keçirilən onlayn rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 gün davam edən onlayn rəsm müsabiqəsinin qaliblərinə xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə mükafatlar təqdim olunub.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva qalibləri təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıblar.
Qeyd olunub ki, müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək, istedadlı gənc rəssamları aşkar etmək, gənclərə milli adət və ənənələrimizə hörmət hissini aşılamaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaqdır.
Onlayn rəsm müsabiqəsində Astara Rayon Dövlət Rəsm Qalereyasını təmsil edən 25 nəfər istedadlı gəncin çəkdiyi rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
İlahə Ağacanova birinci, İlahə Şirvanova ikinci, İlahə Mirzəyeva üçüncü yerlərə sahib olublar. Bahar Kərimli, Aysun Hüseynzadə və Ülkər Hacıyeva isə fərqləndirici yerlərə layiq görülüblər.
Onlayn rəsm müsabiqəsində fəxri yerləri tutan və fərqlənən gənclər Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələrlə mükafatlandırılıblar.