"Qış möcüzəsi" Füzuli rayonunda
Füzuli, 29 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı dekabrın 23-dən etibarən start verdiyi “Qış möcüzəsi” adlı şou proqramla çıxışını davam etdirməkdədir. Proqramın növbəti ünvanı Füzuli rayonunun Horadiz, Qayıdış, Fin, Zobucuq qəsəbələri, Yağlıvənd, Böyük Bəhmənli, Alxanlı, Mollaməhərrəmli, Mahmudlu, Arayatlı, Babı kəndlərinin məktəb və bağçaları olub.
Dram Teatrından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şou-proqramda Cırtdan və Divin, Maşa və Ayının, Şaxta baba və Qar qızın maraqlı çıxışlarını uşaqlar böyük sevinclə qarşılayıblar.
Aktyorların ifasında şən mahnılar səslənib. Şənlikdə uşaqlar musiqi sədaları altında rəqs edib, nağıl və cizgi film qəhrəmanları ilə birgə əyləniblər. Yeni il şou-proqramının rayon ərazisində yerləşən uşaq bağçalarında, kənd və qəsəbələrdə nümayişi yanvarın 5-dək davam edəcək.