SİYASƏT
AAKM-DƏ XALQ YAZIÇISI ANARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Berlin, 22 oktyabr (AZƏRTAC). Berlindəki “Gloria Event” zalında "Kapadokya Kültür Derneği”nin təşkilatçılığı ilə “Berlin türkçe şiir şöleni” adlı ədəbi-bədii gecə keçirilmişdir.
Gecəyə Azərbaycan, Türkiyə, Avropa, Türkmənistan, Kərkük, Qazaxıstandan şairlər dəvət olunmuşdular. Ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar təmsil etmişdir. Gecədə iştirak edən şairlər öz əsərlərindən parçalar oxumuş, türkdilli ədəbiyyatın müasir dövrdəki vəziyyəti barədə geniş və maraqlı müzakirələr aparmışlar.
Daha sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Berlindəki Azərbaycan diaspor nümayəndələri ilə xalq yazıçısı Anarın görüşü olmuşdur.
Mərkəzin icraçı direktoru Samirə Patzer-İsmayılovanın bildirdiyinə görə, Azərbaycan Yazıçılar Birliyinin sədri ilə görüşə Almaniyada fəaliyyət göstərən müxtəlif cəmiyyətlərin rəhbərləri və nümayəndələri, həmvətənlərimiz, yerli ədəbiyyatsevərlər toplaşmışdılar.
Anar Azərbaycan ədəbiyyatının müasir dövrdə inkişafından, türkdilli xalqların ədəbiyyatlarının qarşılıqlı münasibətlərindən, ümumiyyətlə, Türkiyə və Azərbaycan mədəniyyətlərinin tarixi əlaqələrindən söhbət açmışdır.
Xalq yazıçısı dinləyicilərin suallarını cavablandırmışdır.
Müzakirələrdən sonra Naiba Tural Anarın şeirlərini oxumuşdur.
Görüşdən məmnun qaldığını deyən Anar AAKM-ə və tədbirə toplaşanlara diaspor fəaliyyətində uğurlar arzulamışdır.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri də iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin