ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
2026-cı ilin aprel ayının göstəricilərinə əsasən, bank sektorunun aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 57,4 milyard manata çatıb. Kredit portfeli üzrə də müsbət dinamika müşahidə olunur. Bank sektorunun cəmi kredit portfeli 8,9 faiz artaraq 30,6 milyard manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, biznes kreditlərinin həcmi 9,1 faiz artaraq 16,3 milyard manata yüksəlib.
“Bu göstərici sahibkarlığın, real sektorun və ümumilikdə iqtisadi aktivliyin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Real sektorun maliyyələşdirilməsi kontekstində xüsusi əhəmiyyət kəsb edən istiqamətlərdən biri də aqrar sektordur. Azərbaycan Respublikası Prezidentinin bu yaxınlarda təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə aqrar kreditləşmə üzrə qiymətləndirmə imkanlarının gücləndirilməsi, Aqrar Kredit Kooperativlərinin yaradılması və dəstəklənməsi, aqrar sığorta, subsidiya, zəmanət və güzəştli kredit mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Ötən hesabat dövründə dövlət fondlarının bütün istiqamətlər üzrə verdiyi kreditlərin həcmi son 12 ay ərzində 22,5 faiz artaraq 1,2 milyard manata çatıb”, - deyə ABA sədri əlavə edib.
Z.Nuriyev qeyd edib ki, bank sektoru üzrə cəmi depozit portfeli 37,8 milyard manat olub, illik müqayisədə 2,8 faiz artıb: “Fiziki şəxslərin depozitləri isə daha yüksək templə — 18,7 faiz artaraq 17,3 milyard manata çatıb. Müsbət tendensiyalardan biri də dollarlaşma səviyyəsinin azalmasıdır. Depozit portfelinin dollarlaşma səviyyəsi 41,7 faizdən 35,7 faizə, fiziki şəxslərin əmanətləri üzrə isə 33,7 faizdən 30,2 faizə enib. Bank sektorunun cəmi kapitalı 9,7 faiz artaraq 7,7 milyard manata yaxınlaşıb. Bu isə bankların riskləri qarşılamaq imkanlarını və gələcək kreditləşmə potensialını artırır. Bank sektorunda diqqətçəkən digər əsas istiqamət rəqəmsal ödənişlərin inkişafıdır. 2026-cı ilin ilk dörd ayında ödəniş kartları ilə aparılan cəmi əməliyyatların həcmi 49,4 milyard manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 11 faiz artım deməkdir. Xüsusilə ödəniş kartları ilə nağdsız əməliyyatların həcmi 29,9 milyard manatdan 34,5 milyard manata yüksəlib. Nəticədə nağdsız ödənişlərin ümumi kart əməliyyatlarında payı 67,1 faizdən 69,9 faizə çatıb”.