ABŞ AZƏRBAYCANIN GÖMRÜK XİDMƏTİNƏ HƏR CÜR KÖMƏK GÖSTƏRMƏYƏ HAZIRDIR
ABŞ-ın gömrük xidməti ilə əməkdaşlıq əlaqələrinin xüsusi önəm daşıdığını vurğulayan komitə sədri, “Azərbaycan Hökuməti ilə Birləşmiş Ştatlar Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında” Sazişin imzalanmağa hazır olduğunu söyləmiş, ABŞ hökumətinin Azərbaycanda həyata keçirdiyi “Sərhəd təhlükəsizliyi və ixrac nəzarəti üzrə proqram” çərçivəsində ABŞ-ın Gömrük Xidmətinin işi ilə tanışlıq məqsədi ilə bu ölkəyə səfərini xatırlatmışdır. O, təcrübə mübadiləsi baxımından faydalı olan bu səfəri iki ölkənin gömrük qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan növbətu uğurlu addım kimi səciyyələndirmişdir.
ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş DGK sədri təyin olunması münasibətilə Aydın Əliyevi təbrik etmiş, ona işlərində müvəffəqiyyət arzulamışdır.
Antiterror koalisiyanın üzvü kimi Azərbaycanın gömrük qurumunun ölkə sərhədlərini dünyanın təhlükəsizliyi naminə daha güclü mühafizə etməsini yüksək dəyərləndirən səfir, kadr hazırlığı, təcrübə mübadiləsi baxımından ölkəsinin Azərbaycanın gömrük xidmətinə hər cür kömək göstərməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Azərbaycandakı iqtisadi inkişaf dinamikasından razılıqla söhbət açan Rino Harniş, etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığa ABŞ-ın xüsusi önəm verdiyini söyləmiş və əmin olduğunu bildirmişdir ki, gömrük orqanlarının əməkdaşlığı bundan sonra daha da möhkəmlənəcək, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişafına təkan verən addımlar atılacaqdır.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilmişdir.