ABŞ-DA İLK AZƏRBAYCAN MƏKTƏBİ AÇILMIŞDIR
Məktəbin respublikamızın Müstəqillik günü ilə bir vaxta salınmış açılış mərasimində Azərbaycanın BMT yanında Daimi nümayəndəliyinin əməkdaşları, Nyu-Yorkdakı Azərbaycan, yəhudi və türk icmalarının üzvləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Azərbaycanın BMT yanında Müvəqqəti işlər vəkili İlqar Məmmədov diasporumuzun bu təşəbbüsünü yüksək qiymətləndirmiş, Azərbaycan dili, mədəniyyəti, ədəbiyyatı və tarixinin təbliğində məktəbin əvəzsiz rol oynayacağını bildirmişdir.
“Türk Dərnəkləri Federasiyası” direktorunun müavini Ərxan Yıldırım, türk məktəbinin direktoru Mətin Çətinər və yəhudi icmasının nümayəndəsi Nobert Yevlayev Azərbaycan məktəbinin Nyu-Yorkdakı Azərbaycan icması üçün əhəmiyyətini vurğulamış, burada könüllü olaraq məşğələlər aparacaq müəllimlərə uğurlar arzulamışlar.
Bruklin rayonunun rəsmi nümayəndəsi Bella Vais də öz təbriklərini yetirmiş, məktəbə şəhadətnamə təqdim etmişdir.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyi adından məktəbə televizor, videosistem, dərsliklər, müxtəlif kitablar hədiyyə olunmuşdur. “Nyu-Yorkun Azərbaycan Assosiasiyası”nın prezidenti Əli Nəsibov və məşğələlər aparacaq müəllimlər bu dəstəyə görə öz minnətdarlıqlarını bildirmişlər.