ABŞ MÜFLİSLƏŞMƏYƏ DOĞRU GEDİR
Alim Sent-Luis ştatının Federal Ehtiyat Bankı üçün apardığı tədqiqatda sanki xəbərdarlıq edir ki, büdcə kəsirinin şişirdilməsi, pensiyaların və sosial ödənclərin artırılması iqtisadi fövqəldövlətin müflisləşməsi ilə nəticələnə bilər.
Professor Kotlikoffun araşdırmasının əsas tezisi ondan ibarətdir ki, “Amerika hökuməti, həqiqətən, müflisdir, çünki müxtəlif ödənclər vəd olunmuş indiki və gələcək nəsillərin təmsil etdikləri kreditorlarla hesablaşmağa qadir deyildir”.
Buş hökuməti bu günlərdə büdcə kəsiri barədə öz proqnozlarını təxminən üçdəbir qədər azaldaraq bildirmişdir ki, kəsir ümumi daxili məhsulun 2,3 faizi qədər olacaqdır. Lakin, Kotlikoffun ehtimalına görə, “ölkənin ödəmə qabiliyyətini düzgün qiymətləndirmək üçün cari və gələcək nəsillərin həyatı ərzində büdcə yükünü dərindən təhlil etmək lazımdır. Əgər bu yük həmin nəsillərin resurslarından artıqdırsa, onlara yaxınlaşırsa və ya resursların tamamilə yığılmasına mane olan səviyyəyə çatırsa, onda ölkədə vəziyyət qeyri-adekvat olacaqdır və milli müflisliyə gətirib çıxara bilər”.
Mütəxəssislərin hesablamalarına görə, ABŞ üçün belə nisbət nəzərə alınarsa, onda hökumətin bütün gələcək xərcləri ilə bütün gələcək daxilolmalar arsında büdcə fərqi çox böyük məbləğ – 65,9 trilyon dollar təşkil edə bilər.
Bu, olduqca böyük rəqəmdir, bir də ona görə ki, vergiləri azaltmaq siyasətinin aparılması ilə əlaqədar büdcə gəlirlərinin azalması fonunda dövlətin sosial təminat üçün xərcləri artacaqdır, çünki bu yardımı almağa namizəd olan adamların sayı getdikcə çoxalır.
Professor Kotlikoff deyir: “Bu rəqəm ABŞ-ın ümumi daxili məhsulundan beş dəfədən də çoxdur və milli sərvətin həcmindən təxminən iki dəfə artıqdır. Həmin 65,9 trilyon dollarla əlaqədar sual olunur: Bəs, gözlənilməz xərclərdən yaxa qurtarmaq üçün nə kimi büdcə islahatları aparılmalıdır? Cavab dəhşət doğurur. Bunun həllinin mümkün yollarından biri hüquqi və fiziki şəxslər üçün gəlir vergilərinin dərhal və tədricən qaldırılmasından, digəri, sosial güzəştlərin və Medicare (ahıllar və əlillər üçün sosial təminata dair dövlət proqramı) çərçivəsində güzəştlərin üçdə iki hissəsinin dərhal və tədricən kəsilməsindən ibarətdir. Üçüncü alternativ isə, əgər mümkünsə, bütün federal xərcləri dərhal və tədricən 143 faiz azaltmaqla bağlıdır”.
Alimin fikrincə, bütün hallarda ABŞ iqtisadiyyatı ciddi çətinliklər keçirəcəkdir, Bu da, öz növbəsində, ona gətirib çıxaracaq ki, ABŞ-ı dəstəkləyən dünya investorları bu dövlətə inamını itirəcək və şübhələnəcəklər ki, ölkədə inflyasiya bir dəfə onların bütün borclarını yuyub apara bilər. Belə olan halda sərmayəçilər ABŞ-a uzunmüddətli kapital yatırımlarından imtina etməyə başlayacaqlar. Bu isə böhranı daha da dərinləşdirəcəkdir.