ABŞ OPEC+ alyansının qərarından sonra inflyasiyanın artacağından narahatdır
Bakı, 4 aprel, AZƏRTAC
Birləşmiş Ştatların maliyyə naziri Canet Yellen OPEC+ alyansının neft hasilatını könüllü olaraq azaltmaq qərarını şərh edib. O, sözügedən qərarın bu ölkədə hazırkı yüksək inflyasiyaya mənfi təsirindən narahatlığını ifadə edib.
AZƏRTAC ABŞ mətbuatına istinadla xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv ölkələr, o cümlədən Rusiya gündəlik hasilatı 1,17 barel azaldacaqlarını bəyan ediblər. Bu qərar dərhal dünya neft bazarlarına təsirini göstərib və “qara qızıl” 6 faizədək bahalaşıb. OPEC+ alyansının Amerikanın Asiyadakı regional müttəfiqlərinin də dəstəklədiyi bu addımı Vaşinqtonun narazılığına səbəb olub.
“Bloomberg” informasiya agentliyinin məlumatına görə, Canet Yellen bununla bağlı bəyan edib ki, OPEC+ ölkələri tərəfindən neft hasilatının qəfil azaldılması “qeyri-konstruktiv” qərardır və qlobal iqtisadi artımın perspektivlərində qeyri-müəyyənlik yaratmaqla yanaşı, yüksək inflyasiya şəraitində istehlakçıların çiynində ağır yük olacaq. O, bu qərardan təəssüf etdiyini bildirib və qeyd edib ki, neftin qiymətlərinin aşağı səviyyədə saxlanılması mühümdür. Yellen onu da bildirib ki, sözügedən addımın neftin qiymətlərinə necə təsir edəcəyini söyləmək çox tezdir.
Bununla belə, “Newsweek” nəşri məlumat verib ki, OPEC+ alyansının bir neçə üzvü, o cümlədən Səudiyyə Ərəbistanı tərəfindən neft hasilatını azaltmaq üzrə bu yaxınlarda qəbul edilən qərar Ər-Riyadla Vaşinqton arasında gərgin olan münasibətlərə yeni zərbə olacaq.
Bayden administrasiyası artıq OPEC+ alyansının qərarı ilə bağlı narazılığını ifadə edib və onu “yersiz və irrasional” adlandırıb.
Amerikanın timsalında 2022-ci ildə OPEC+ alyansının qərarından sonra neftə olan təklifin aşağı düşməsi “qara qızıl”ın qiymətinin artmasına səbəb olmuş, benzin və dizel yanacağının qiymətləri xeyli qalxmış, bu ölkədə son 30 ildə inflyasiyanın ən yüksək səviyyəsi qeydə alınmışdı.