MƏDƏNİYYƏT
ABŞ səfirliyinin birinci katibi Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 25 iyul (AZƏRTAC). ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Rocer Riqaud Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bir il əvvəl ölkəmizdə öz missiyasının icrasına başladığını nəzərə çatdıran R.Riqaud gənc ali təhsil müəssisəsi kimi ATİ-nin fəaliyyəti ilə maraqlanmış və turizmin inkişafı fonunda ATİ-nin ali təhsil müəssisəsi kimi kadr hazırlığı istiqamətində gördüyü işlərdən xəbərdar olmaq istəyini açıqlamışdır.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov 2006-cı ildən fəaliyyətə başlayan institutun inkişaf strategiyası və beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Bildirmişdir ki, 1 fakültə və 3 ixtisasla ilk tədris ilinə başlayan ATİ-də hazırda bakalavr səviyyəsi üzrə 11, magistratura, həmçinin doktorantura səviyyəsi üzrə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. 2013/2014-cü tədris ilindən etibarən tədris prosesi 3 fakültədə təşkil ediləcəkdir. Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistratura səviyyəsində ikili diplom proqramı haqqında ətraflı danışan rektor hazırda məzunlarımızın müxtəlif turizm müəssisələrində uğurla çalışdığını, bir qisminin isə ölkəmizdə və xaricdə təhsillərini davam etdirdiklərini diqqətə çatdırmışdır.
Görüşdə, həmçinin qonağa ATİ-nin əməkdaşlarının AHLEI (Amerika Otel Təhsili üzrə İnstitut) təlim kurslarında iştirakı barədə də məlumat verilmişdir. R.Riqaud da, öz növbəsində, ABŞ-ın turizm müəssisələri, ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətlərində təkliflərin araşdırılacağını diqqətə çatdırmışdır.