ABŞ və müttəfiqləri Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyaları müzakirə edir
Bakı, 12 yanvar, AZƏRTAC
ABŞ və onun Qərbdəki müttəfiqləri Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyaların, o cümlədən neft məhsullarına qiymət məhdudiyyətlərinin tətbiqi imkanlarını nəzərdən keçirirlər.
AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin əməkdaşları bu həftə Avropada keçirdikləri görüşlərdə Rusiyanın neft məhsullarına tətbiq olunacaq məhdudiyyətlərin təfərrüatlarını müzakirə ediblər. Məhdudiyyətlər fevralın 5-dən qüvvəyə minməlidir. RF-in neft məhsullarını maliyyələşdirən, sığortalayan və ya daşıyan Qərb kompaniyaları də sanksiyalar rejiminə tabe olacaq. G7 ölkələrində və Avstraliyada Rusiya neftini müəyyən edilən qiymətdən baha satışını təşkil edən kompaniyalar cərimələnəcək.
Həmçinin qeyd edilir ki, Rusiyanın neft məhsulları üçün iki qiymət həddinin tətbiqi planlaşdırılır. Onlardan biri yüksək dəyərli ixrac mallarına, xüsusən dizel yanacağına, digəri isə mazut kimi ucuz məhsullara təsir edəcək.
Nəşrin məlumatına görə, ABŞ-ın yüksəkvəzifəli nümayəndəsi Ben Harris bu həftə sanksiyalar və qiymət tavanı məsələsini müzakirə etmək üçün Latviya, Litva, Estoniya və Polşaya gedəcək. Danışıqlarda, həmçinin Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko da iştirak edəcək.
Xatırladaq ki, “Yeddilik qrupu” ölkələri, Avropa İttifaqı və Avstraliya dekabrın 5-dən etibarən dəniz yolu ilə tədarük ediləcək Rusiya neftinin barelinə 60 dollar qiymət həddi qoyub.