Abşeron rayonda sərt karantin rejiminə riayət olunur
Xırdalan, 7 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, ölkənin 5 şəhər və bir rayonunda sərt karantin rejimi tətbiq edilir. Onların sırasında Abşeron rayonu da yer alıb. Həftəsonu məhdudiyyətlərinin tətbiqinin artıq ikinci gününü yaşayırıq.
İyunun 6-sı saat 00:00-dan ayın 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Abşeron rayonunun inzibati mərkəzi - Xırdalan şəhərinin, qəsəbələrin və kəndlərin həyatı sanki sönüb, yalnız zəruri sahələrdə işləyən insanları görmək mümkündür.
AZƏRTAC-ın müxbirinin təqdim etdiyi fotolarda daim sıxlıq müşahidə olunan küçə və prospektlərin sərt karantin rejimi ilə əlaqədar boş olduğu müşahidə edilir.