Abşeron rayonunda Vətən müharibəsində şəhid və qazi olmuş hərbçilərin ailələri ziyarət edilib
Xırdalan, 19 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Novruz bayramı münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin və "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayonda Vətən müharibəsində şəhid və qazi olmuş hərbçilərin ailələri və aztəminatlı ailələr ziyarət edilib.
AZƏRTAC xəbər verir ki, rayonun kənd və qəsəbələrində, eləcə də Xırdalan şəhərində keçirilən görüşlər zamanı vurğulanıb ki, igid oğullarımız Vətənin azadlığı, bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəliblər. Eyni zamanda, cəsur qazilərimiz ölkəmizin ərazi bütövlüyü yolunda öz sağlamlıqlarından keçiblər.
Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhid ailələrinin, qazilər və Vətən müharibəsinin iştirakçılarının daim diqqətdə olacaqları, onların hər zaman dövlətimizin qayğısını hiss edəcəkləri bildirilib.
Şəhid və qazi ailələrinin ziyarət aksiyasına rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri qoşulublar. Görüşlərdə qazi və şəhid ailələri ilə söhbət edilib, gündəlik qayğı və problemləri ilə maraqlanılıb. Görüş zamanı şəhid və qazi ailələrinə ərzaq sovqatları təqdim edilib, mənəvi dəstək göstərilib.
Qazi və şəhid ailələri ölkədə şəhid ailələrinə, qazilərə və veteranlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Ali Baş Komandan, Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.