Abşeronda akademik Zərifə xanım Əliyevanın 100 illiyi qeyd edilib
Xırdalan, 17 aprel, AZƏRTAC
Abşeronda Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli alim, oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 100 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbir akademik Zərifə xanım Əliyevanın, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycanda həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox böyük nüfuz qazanıb. Azərbaycan səhiyyəsinin inkişafında və bir çox göz xəstəliyinin müalicəsində Zərifə xanım Əliyevanın böyük əzmi və fəaliyyətinin olduğunu vurğulayan direktor qeyd edib ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub.
Rayon icra hakimiyyəti başçının müavini Gülnar Rəhimova çıxışında qeyd edib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirib. Onun nəinki Azərbaycanın, o cümlədən bütün dünya qadınlarına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olduğunu qeyd edən icra başçısının müavini Zərifə Əliyevanın təbabətə inamla, xeyirxahlıqla xidmət etdiyini, humanist və idarəçi ictimai xadim kimi xalqımızın yaddaşında hər zaman qalacağını vurğulayıb.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev də Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Zərifə xanım Azərbaycanda geniş yayılmış traxomanın müalicəsi, göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatların müəllifi olub.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Ülkər Həsənova Zərifə xanım Əliyevanın “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, ixtira və 12 səmərələşdirici təklifin müəllifi olduğunu və yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyini vurğulayıb.
Tədbirdən sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasında rayon sakinlərinin göz müayinəsi həyata keçirilib.