Abşeronda COVID-19 pandemiyası ilə əlaqədar reydlər keçirilir
Xırdalan, 2 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonu ərazisində COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər keçirilib.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə polis, sahə inzibati ərazi nümayəndəliklərinin, bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət qruplar yaradılıb. Rayon ərazisində gündüz saatlarında 120 nəfərdən ibarət piyada, gecə saatlarında 50 nəfər piyada və 8 avtopatrul xidməti aparılır.
Reydlər zamanı fəaliyyətinə icazə alınmayan iaşə obyektləri aşkar edilib, eyni zamanda fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində sakinlərlə maarifləndirmə işləri aparılır, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilib.
Patrul qruplarının əməkdaşları tərəfindən təbliğat işləri aparılıb, bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib. Eyni zamanda, reyd zamanı yaşayış yerini icazəsiz tərk edən vətəndaşlar müəyyən edilib, onlarla bağlı qanuna müvafiq qaydada tədbirlər görülüb.