Abşeronda həyata keçirilən layihə ilə şəhid övladları sevindirilir
Xırdalan, 6 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı rayonda həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyəti əməkdaşı Seymur Qasımov AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində şəhid Paşayev Daşdəmir Əlizaman oğlunun həyat yoldaşı Günay Paşayeva ilə əlaqə saxlanılıb, övladlarının istəkləri öyrənilib. Qəhrəmanımızın qızlarının birinin “rolik”, digərinin isə “musiqili mikrofon” istədiyi müəyyən edilib.
Xırdalan şəhər 23 saylı körpələr evi-uşaq bağçasının kollektivi tərəfindən “rolik” və “musiqili mikrofon” ailəyə təqdim edilib. Eyni zamanda şəhidin qızı Zeynəbin doğum günü olması nəzərə alınaraq ona əlavə olaraq xüsusi hədiyyə verilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.
Şəhidin həyat yoldaşı Günay Paşayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Paşayev Daşdəmir Əlizaman oğlu 1982-ci ildə yanvarın 28-də Bakı şəhərində anadan olub. 1988-1996-cı illərdə orta təhsilini Nizami rayonu 250 nömrəli məktəbdə alıb. VIII sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 1999-2003-cü illərdə Ali Hərbi Məktəbi uğurla başa vurub. Orada təhsil aldığı müddətdə baş leytenanta qədər yüksəlib. Daha sonra İsveçrədə 6 ay xüsusi təyinatlı kəşfiyyatçı kursunu bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmət göstərib. Bir müddətdən sonra bəzi səbəblərdən hərbidən ayrılıb. Vətən müharibəsi başlayan kimi hərbi komissarlığa gedərək könüllü şəkildə cəbhəyə yollanıb.
Cəldliyinə və çevikliyinə görə səngər yoldaşları Daşdəmir Paşayevi “Vəhşi pişik” deyə çağırırdılar. Düşmənlə əlbəyaxa döyüşməyi hər zaman arzulayan qəhrəmanımız öz arzusuna Şuşada çatıb. Şuşanın azad edilməsi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə gəlib, əlbəyaxa döyüşə girib. 23 günlük şərəfli döyüş yolunda böyük şücaətlər göstərib. 30 oktyabr tarixində düşmənin amansız snayperinə tuş gəlib. Başından aldığı güllə yarası nəticəsində şəhidlik zirvəsinə ucalıb. Noyabrın 9-da İkinci Fəxri xiyabanda dəfn edilib.