Abşeronda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iki nəfər tutularaq istintaqa cəlb edilib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 25-də saat 19 radələrində Xırdalan şəhəri ərazisində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları bıçaq xəsarətlərindən ölmələri, bir neçə şəxsin isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.
İstintaqla Xırdalan şəhəri, İslam Səfərli küçəsində bir qrup şəxs - bir tərəfdən Məmməd Məmmədov və Xəlil Məmmədov, digər tərəfdən isə Tural Quliyev, Yaşar Mövsümov, İlqar Həsənəliyev, Rəman Mirzəyev və Hüseynağa Yaqubov arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər nəticəsində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları xəsarətlərdən ölmələri, hadisənin digər iştirakçılarının isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri müəyyən olunub.
Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Yaşar Mövsümov Cinayət Məcəlləsinin 29,120.2.4-cü və 221.3-cü maddələrində, Rəman Mirzəyev isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda hadisənin digər iştirakçılarının stasionar şəkildə müalicələri aparılır.İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.