Abşeronda Uşaqların Beynəlxalq Müdafiə Günü qeyd edilib
Xırdalan, 1 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Abşeron rayonunda bayram şənliyi təşkil edilib. Tədbir Xırdalan şəhərində fəaliyyət göstərən 23 saylı körpələr evi-uşaq bağçasında reallaşıb.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin də qatıldığı şənlik Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra uşaqların hazırladığı rəsm sərgisinə baxış keçirilib. Şəhidlərə həsr edilən şeirlər təqdim olunub. İşğaldan azad olunan ərazilərimizə, igid qəhrəmanlarımıza, Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunan şeirlər səsləndiriblər.
Daha sonra uşaqlar biri-birindən maraqlı rəqs nömrələri göstərərək mahnılar oxuyublar.