Abşeronda Vətən şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turniri keçirilir
Xırdalan, 5 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Rayon İcra Hakimiyyətinin, Qobu Qəsəbə Bələdiyyəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan yarış Qobu qəsəbə sakinlərindən ibarət komandalar arasında keçirilir.
Qəsəbədəki futbol meydançasında düzənlənən açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Qobu qəsəbə bələdiyyəsinin sədri Araz Nəcəfov, şəhid ailələri və qəsəbə idmansevərləri çıxış edərək Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini anıblar, onların ruhuna dualar oxuyublar.
Qeyd edək ki, turnirdə 5 komanda iştirak edir. Dairəvi sistem üzrə keçirilən yarış iyul ayının 14-də bitəcək. Qaliblərə kubok, medal və diplomlar veriləcək.