ELM VƏ TƏHSİL
“ADA” Universitetində ikinci Azərbaycan-Fransa universitetlərarası forumu keçiriləcəkdir VİDEO
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 4-5-də “ADA” Universitetinin, Fransanın Azərbaycandakı səfirliyinin və “Kampüs Frans” agentliyinin birgə təşkilatçılığı ilə ikinci Azərbaycan-Fransa universitetlərarası forumu keçiriləcəkdir.
“ADA” Universitetinin kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 4-də forumun açılış mərasimində “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, “Kampüs Frans”ın direktoru Antuan Qrasse, regional nümayəndəsi Fransua Pradal, həmçinin Fransanın 14 universitetinin və ayrı-ayrı Azərbaycan universitetlərinin nümayəndələri iştirak edəcəklər.
Tədbirdə “ADA” Universiteti və Fransanın İESEG Menecment İnstitutu arasında Anlaşma Memorandumu imzalanacaqdır.
Eyni zamanda, forum çərçivəsində B2B Fransa və Azərbaycan universitetləri və şirkətləri arasında görüşlər keçiriləcək, elmi əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılacaqdır.
Forum öz işini aprelin 5-də təhsil sərgisi ilə davam etdirəcəkdir. Sərgidə tələbələr Fransada təhsil imkanları, mövcud təqaüdlər barədə məlumat əldə edəcəklər, Fransanın ali məktəblərini bitirmiş azərbaycanlı məzunlarla görüş keçiriləcəkdir.
Sərgi ictimaiyyətə açıq olacaqdır. İştirak etmək istəyənlər bu ünvandan istifadə edə bilərlər: [email protected]