Adekvat mənzil təminatı insan ləyaqətinin və şəhər dayanıqlığının əsas təməlidir
Bakı, 22 May, AZƏRTAC
Mayın 22-də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Siyasətdən praktikaya - Əddis-Əbəbədə İnsan Mərkəzi Şəhər Transformasiyasına Səyahət" mövzusunda panel keçirilib.
AZƏRTAC xəbər verir ki, UN-Habitatın şəhər iqtisadçısı Belay Qaromanın modetatorluğu ilə keçirilən tədbirdə şəhərin transformasiya layihələrinin – koridor və çaykənarı inkişaf layihələri, kütləvi əlverişli mənzil tikintisi, şəhər yenilənməsi və digər təşəbbüslərin – innovativ liderlik və maliyyələşdirmə vasitəsilə heç kəsi kənarda qoymadan sakinlərə necə fayda verdiyi müzakirə olunub. Eyni zamanda, "Layihələr iqlimədavamlı tikinti standartlarını necə inteqrasiya edir?", "İcma iştirakçılığı və yeni iş yerlərinin yaradılması necə təmin olunur?", "Özəl sektor və digər tərəfdaşlar prosesə necə qoşulur?", "Qlobal Cənub ölkələrinin urbanizasiya təcrübəsi üçün əsas nəticələr və dərslər nələrdir?" mövzularında məsələlərə toxunulub.
Qeyd edilib ki, adekvat mənzil təminatı insan ləyaqətinin və şəhər dayanıqlığının əsas təməlidir: “Efiopiyanın urbanizasiya hekayəsi transformativ ambisiya ilə xarakterizə olunur. Bu yanaşmaya Efiopiyanın Kütləvi Əlverişli Mənzil və İnteqrə edilmiş Şəhər İnkişafı Proqramı, eləcə də “Green Legacy Initiative” kimi milli səviyyədə həyata keçirilən iqlim dayanıqlılığı təşəbbüsləri daxildir”.
Tədbirdə insan mərkəzli şəhər transformasiyası təşəbbüslərinin – infrastruktur və xidmətlərin genişləndirilməsi, kütləvi mənzil tikintisi, iqlim dayanıqlılığı, təhlükəsiz şəhər mühitinin yaradılması və digər istiqamətlərin – çoxsəviyyəli idarəetmə, effektiv tərəfdaşlıqlar, icma əsaslı icra mexanizmləri, innovativ maliyyələşdirmə və həyatakeçirmə modelləri vasitəsilə eyni vaxtda necə inkişaf etdirilə biləcəyi nümayiş olunub.
Fotoqraf - Nurlan Tahirli