ADPU-da Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr edilmiş yığıncaq keçirilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Heydər Əliyev məktəbinin lektoriyası”nda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümünə həsr edilmiş yığıncaq keçirilmişdir.
ADPU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları böyük siyasi xadim Heydər Əliyevin universitetdəki abidəsi önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev xalqımızın 1988-ci ildə başlayan milli-azadlıq hərəkatından, partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, milli xilaskarımız Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışmışdır. “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı ilə siyasi mübarizə meydanına atılan YAP ötən 21 ildə Azərbaycan dövlətçiliyinin güclənməsinə, xalqımızın rifah halının yüksəlməsinə böyük töhfələr vermişdir. Partiya bu gün üzərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gəlir və müstəqil dövlətimizin daha da güclənməsinə var gücü ilə xidmət edir. Ümummilli lider Heydər Əliyevin yaratdığı, təşkilatlandırdığı, qurduğu YAP Ulu Öndərin müdrik dövlətçilik kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində böyük uğur və nailiyyətlər qazanır.
Tədbirdə YAP Səbail rayon təşkilatının ADPU ərazi ilk təşkilatının sədri, professor Himalay Qasımov “Möhtəşəm və şanlı tarix - 21 il” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, 21 il bundan öncə ulu öndər Heydər Əliyevin yaratdığı YAP həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır. Ümummilli lider partiyanı yaradarkən, təşkilatın məqsəd və məramını müəyyənləşdirərkən gənclərin qüvvəsindən istifadə edilməsini, onlara diqqət və qayğını, eyni zamanda təhsili əsas amil kimi ön plana çəkmişdir. Öz sıralarında 600 mindən çox üzvü birləşdirən YAP ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır. YAP həm də öz fəaliyyətində gənclərin və qadınların irəli çəkilməsinə, onların dövlət idarəçiliyində təmsil olunmasına xüsusi diqqət yetirir. Hazırda YAP üzvlərinin 40 faizini gənclər, 47 faizini isə qadınlar təşkil edir. Ölkəmizin həyatında keyfiyyətcə yeni mərhələnin başlanması məhz dövlətimizin başçısı İlham Əliyevin yorulmaz fəaliyyəti, dərin zəkası, böyük uzaqgörənliyi ilə sıx bağlıdır. Ölkə Prezidentinin gündəlik gərgin əməli fəaliyyəti nəticəsində ölkəmizin vüsətli inkişafı, yüksəlişi bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycan hazırda dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın humanitar təşəbbüsləri də beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır.
Tədbirdə çıxış edən ADPU-nun zoologiya kafedrasının müdiri, professor Bəhlul Ağayev, riyaziyyat fakültəsinin dekanı, dosent Maqsud Nəcəfov, fizika fakültəsinin dekanı, professor Mirzəli Murquzov, ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev və başqaları YAP-ın keçdiyi şərəfli yoldan, cəmiyyətimizdəki aparıcı mövqeyindən, xalqımıza, dövlətimizə fədakarlıqla xidmət etməsindən danışmışlar.