ADPU-nun elmi şurasının onlayn iclası keçirilib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasının onlayn iclası keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, elmi şuranın sədri, professor Cəfər Cəfərov iclasın gündəliyinə 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında və cari məsələlər daxil olduğunu deyib. C.Cəfərov pandemiya dövründə universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işlər haqqında məlumat verib. Tələbələrin və müəllimlərin böyük əksəriyyətinin bu dərslərdə iştirak etdiyini bildirən rektor yaz imtahan sessiyasının təşkili məsələlərinə toxunub. O koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində universitetdə onlayn formatda keçirilən tədrisin vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə gündəmdə olan digər vacib məsələlərdən danışıb. Bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus epidemiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı digər istiqamətlərdə görulən qabaqlayıcı tədbirlər kimi, təhsil sahəsində də mühüm addımlar atılıb. ADPU-da tədris olayn təşkil olunub və artıq universitet onlayn imtahanlara hazırlaşır.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında danışıb.
İclasda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.