ADPU-nun kitabxanasında “Azad kitab – azad fikir” kitab mübadilə guşəsi yaradılıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr arasında mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, kitaba marağın artırılması və kitab mübadiləsinin təşviq olunması məqsədilə Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü ilə “Azad kitab – azad fikir” adlı kitab mübadiləsi guşəsi yaradılıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, təşəbbüsün əsas məqsədi kitabı tələbələr üçün daha əlçatan etmək, oxucular arasında kitab paylaşımı ənənəsini formalaşdırmaq və universitet mühitində mütaliə mədəniyyətinin inkişafına töhfə verməkdir.
Kitab mübadiləsi guşəsinin fəaliyyəti “götür – oxu – paylaş – yenisini gətir” prinsipi əsasında təşkil olunub. Guşədən istifadə edən tələbələr burada yerləşdirilən kitablardan istədiklərini sərbəst şəkildə götürərək oxuya, daha sonra həmin kitabı geri qaytara və ya başqa bir kitab gətirərək digər oxucularla paylaşa bilərlər. Eyni zamanda, tələbələr şəxsi kitabxanalarında artıq istifadə etmədikləri kitabları guşəyə gətirərək digər tələbələrin mütaliəsinə təqdim edə bilərlər. Beləliklə, bir oxucunun artıq ehtiyac duymadığı kitab digər oxucu üçün yeni mütaliə imkanına çevrilir.
Təşəbbüsün fərqləndirici cəhətlərindən biri də kitabların bir oxucudan digərinə ötürülməsi ilə yanaşı, tələbələrə oxuduqları kitablar haqqında fikir və tövsiyələrini bölüşmək imkanı yaratmasıdır. Bu yanaşma kitab mübadiləsini yalnız kitabların paylaşılması deyil, həm də mütaliə ətrafında fikir mübadiləsinin aparıldığı bir platformaya çevirir.
Guşədən istifadənin əsas prinsiplərindən biri kitabların qorunması və növbəti oxucular üçün yararlı vəziyyətdə saxlanılmasıdır. Həmçinin guşəyə kitabxana fonduna aid kitabların yerləşdirilməsinə yol verilmir.
Kitab götürən oxucuların onu oxuduqdan sonra geri qaytarması və ya əvəzində başqa bir kitab gətirərək paylaşması təşəbbüsün davamlılığının təmin edilməsi baxımından mühüm şərtdir.
“Azad kitab – azad fikir” guşəsi kitabxana fondu deyil, kitabların sərbəst şəkildə paylaşılması və oxucular arasında mütaliə imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub.