AFFA-nın növbəti hesabat-seçki konfransı keçirilib
Bakı, 11 mart, Səxavət Quliyev, Samirə Allahverdiyeva, AZƏRTAC
Martın 11-də “Hilton” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbirdə iştirak edən UEFA-nın baş katibi Teodor Teodoridisi, qonaqları və mətbuat nümayəndələrini salamlayıb. Fevralın 26-da FIFA prezidentliyinə seçkilərin keçirildiyini xatırladan R.Abdullayev bu vəzifəyə seçilən UEFA-nın sabiq baş katibi Gianni İnfantinoya Azərbaycanın futbol ictimaiyyəti adından təbriklərini çatdırıb. AFFA prezidenti UEFA-nın yeni baş katibi Teodor Teodoridisə bu vəzifədə ilk səfərini Azərbaycana etdiyi üçün minnətdarlığını bildirib. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu qeyd edib.
Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycan futbolunun inkişafda olduğunu vurğulayıb və konfransa uğurlar arzulayıb.
Mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək 35 nümayəndənin 34-nün konfransda iştirak etdiyini bildirib. Səsvermələrin nəticəsini hesablamaq üçün Rövşən Əhmədov, Şaiq Həmidov və Kamran Quliyevdən ibarət say komissiyası seçilib.
Hesabat dövründə AFFA-nın fəaliyyəti haqqında videoçarxın nümayişindən sonra baş katib Elxan Məmmədov geniş təqdimatla çıxış edib.
Daha sonra Assosiasiyasının baş mühasibi Xalid Cavadov, müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənov, AFFA-nın hüquq və kadr məsələləri şöbəsinin müdiri Rəmiş Malıyev çıxış edərək qurumun hesabat dövründə maliyyə vəziyyəti, Nizamnaməyə nəzərdə tutulan əlavə və dəyişikliklər barədə məlumat verib. Əlavə və dəyişikliklər konfrans nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.
AFFA-nın istifadəsinə verilmiş Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev stadionun inkişaf strategiyası, həyata keçirilmiş tədbirlər və arenada keçirilməsi nəzərdə tutulan layihələr haqda ətraflı məlumat verib.
Bu il mayın 5-21-də Azərbaycanda keçiriləcək UEFA U-17 Avropa çempionatında mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov turnirə hazırlıq işlərindən danışıb.
Çıxışlardan sonra Elxan Məmmədov AFFA prezidenti vəzifəsinə yalnız Rövnəq Abdullayevin namizədliyinin irəli sürüldüyünü deyib. Baş katib qeyd edib ki, nizamnaməyə uyğun olaraq, alternativ namizəd olmadığı üçün açıq səsvermə keçirilə bilər.
Açıq səsvermə yolu ilə keçirilən səsvermə nəticəsində Rövnəq Abdullayev yekdilliklə növbəti dəfə AFFA prezidenti vəzifəsinə seçilib.
Rövnəq Abdullayev növbəti dəfə ona etimad göstərdiyinə görə futbol ictimaiyyətinə təşəkkür edib, Azərbaycan futbolunun inkişafı naminə səylə çalışacağını deyib.
Daha sonra İcraiyyə Komitəsinin üzvləri seçilib. On yerə eyni sayda namizəd olduğu üçün seçki açıq səsvermə yolu ilə keçirilib. Rauf Əliyev, Qurban Qurbanov, Elşad Nəsirov, Vaqif Sadıqov (namizədliyi Peşəkar Futbol Federasiyası tərəfindən irəli sürülüb), İsgəndər Cavadov, Kazbek Tuayev (Regional Futbol Federasiyaları), Mahir Məmmədov, Mirkamil Rəhimov (Sahə Futbol Federasiyaları), Elmar Məmmədyarov və Firudin Qurbanov (İctimai Futbol Təşkilatları) yekdil səslə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonra UEFA-nın baş katibi Teodor Teodoridis çıxış edərək Avropa futbol qurumunun baş katibi qismində ilk səfərini Azərbaycana etməsindən məmnunluq hissi keçirdiyini deyib. O, AFFA-nın prezidentinə, İcraiyyə Komitəsinə uğurlar arzulayıb.
Bununla da konfrans işini yekunlaşdırıb.