AFFA və futbol klubları ilə idman mətbuatı arasında münasibətlər müzakirə edilib
Bakı, 28 yanvar, Səxavət Quliyev, AZƏRTAC
Yanvarın 28-də “Boulevard Baku” otelində “AFFA - elektron idman KİV-i” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AFFA-nın media komitəsinin yaradılması, idman mətbuatı ilə futbol klubları və AFFA arasında münasibətlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin tədbirdə idman mətbuatında mövcud problemlər və onun həlli ilə bağlı məsələlər də müzakirə edilib.
“Dəyirmi masa”da AFFA-nın baş katibi Elxan Məmmədov media komitəsinin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Baş katib idman mətbuatındakı bir sıra problemlərin aradan qaldırılması istiqamətində komitə vasitəsilə mühüm addımların atıla biləcəyini vurğulayıb.
“Dəyirmi masa”da ölkəmizdə fəaliyyət göstərən çoxlu sayda futbol saytının bir neçə portalda birləşməsinin mümkünlüyü məsələsi də fəal müzakirə olunub. Həmçinin beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi, idman müxbirlərinin xarici dil öyrənmələrinin vacibliyi və mümkün yolları barədə danışıqlar aparılıb.
Tədbirdə növbəti “dəyirmi masa”nın iki həftə sonra təşkil olunması qərara alınıb.