Ağakərim Səmədzadə: Bakı və Sumqayıtda iqlim adaptasiyası məqsədilə yaşıl sahələrin genişləndirilməsi mühümdür
Bakı, 20 may, AZƏRTAC
Şəhər və yaşayış məkanlarının inkişafı iqlim dəyişikliyinin yaratdığı risklər nəzərə alınmaqla planlaşdırılmalı, xüsusilə qeyri-formal məskunlaşma ərazilərində yaşayan əhalinin təhlükəsizliyi və rifahı prioritet olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda keçirilən sessiyada çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə bildirib.
Onun sözlərinə görə, insanlar daha təhlükəsiz ərazilərdə yaşamalı, əsas xidmətlərə daha sabit çıxış əldə etməli və dayanıqlı infrastrukturdan faydalanmalıdırlar.
“Bu yanaşma Azərbaycanın iqlim siyasəti sənədlərində də öz əksini tapır. Əsas prioritetlərdən biri çoxriskli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsidir. Bu, BMT Baş katibinin “Hamı üçün Erkən Xəbərdarlıq” təşəbbüsü ilə də uzlaşır və məqsəd iqlim, təbii fəlakət risklərindən qorunmanın bütün cəmiyyətləri, xüsusilə də həssas qrupları əhatə etməsidir. Bakı və Sumqayıt kimi iri şəhərlərdə iqlim adaptasiyası məqsədilə yaşıl sahələrin genişləndirilməsi, ağacəkmə tədbirlərinin artırılması, kölgəli ictimai məkanların yaradılması, enerji səmərəli binaların tikintisi, istilik izolyasiyasının yaxşılaşdırılması və suya qənaət texnologiyalarının tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər həm şəhərlərdə “istilik adası” effektini azaldır, həm havanın keyfiyyətini yaxşılaşdırır, həm də daşqın risklərini minimuma endirir. Məhdud maliyyə resursları nəzərə alınaraq, ölkə əsas diqqəti aşağı xərcli, lakin yüksək təsirə malik həllərə yönəltməlidir. Yaşıl ictimai məkanların artırılması, su resurslarının səmərəli idarə olunması, binaların izolyasiyasının gücləndirilməsi və icma əsaslı şəhər planlaşdırılması bu baxımdan xüsusilə effektiv hesab olunur”, - deyə nazir müavini vurğulayıb.
Ağakərim Səmədzadənin sözlərinə görə, bu yanaşma həm iqlim dəyişikliyinə uyğunlaşmanı sürətləndirir, həm istixana qazı emissiyalarının azalmasına töhfə verir, həm də ümumilikdə sosial dayanıqlılığı gücləndirir.