AĞCABƏDİ RAYONUNA TƏBİİ QAZIN VERİLMƏSİ BƏRPA OLUNMUŞDUR
![]() |
![]() |
![]() |
Yanvarın 17-də uzun fasilədən sonra Ağcabədi rayonuna təbii qazın verilməsi bərpa olunmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə iştirak edən Prezident İlham Əliyev əvvəlcə yeni qaz kəmərinin layihəsi ilə tanış oldu. Məlumat verildi ki, ötən əsrin 80-ci illərinin əvvəllərində rayon qazlaşdırılmışdı. O dövrdə rayon mərkəzi və 28 kənd qazla təmin olunurdu. Lakin məlum səbəblər üzündən 1992-ci ildən rayona qaz verilməsi dayandırılmışdır.
Dövlətimizin başçısı Bərdə-Ağcabədi magistral qaz kəmərinin çəkilişi, şəhərin qaz təchizatı sxeminə baxdı. Bildirildi ki, hazırda 47,6 kilometrlik Ağcabədi-Beyləqan qaz xəttinin çəkilməsi davam etdirilir. 68 kilometrlik Beyləqan-Horadiz xəttinin çəkilməsinə isə bu ilin yazından başlanacaq və ilin sonunadək işlər tamamlanacaqdır.
Bütövlükdə, Bərdə-Ağcabədi magistral qaz kəmərinin çəkilməsinə və rayondaxili qaz xətlərinin bərpasına 20,6 milyon manat vəsait xərclənmişdir.
Prezident İlham Əliyev Ağcabədiyə təbii qazın verilməsini bildirən məşəli alovlandırdı.
Təbii qazın verilməsi münasibətilə keçirilən mərasimi açan rayon icra hakimiyyətinin başçısı ŞAHİN MƏMMƏDOV dövlətimizin başçısını ağcabədililər adından salamlayaraq dedi:
- Möhtərəm cənab Prezident, böyük fəxr və qürur hissi ilə bildiririk ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf ölkənin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da uğurla davam edir. İftixarla Sizə hesabat veririk ki, dəqiq hesablanmış və ölkənin ahəngdar inkişafını təmin edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında Ağcabədi rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlərin hamısı böyük müvəffəqiyyətlə həyata keçirilmişdir.
Çox hörmətli cənab Prezident!
Magistral yollardan kənarda, cəbhə bölgəsində yerləşən Ağcabədi rayonu Sizin qayğınız nəticəsində indi yeni inkişaf dövrünə qədəm qoymuş, öz simasını dəyişərək abad bir diyara çevrilmişdir. Sizin rəhbərliyiniz altında aparılan sosial-iqtisadi islahatlar ağcabədililərin həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Məhz bunun nəticəsidir ki, 2007-ci ildə 2003-cü illə müqayisədə rayonda ümumi məhsul buraxılışı 69 faiz artaraq 121 milyon manata çatmış, kənd təsərrüfatı məhsullarının istehsalı 41 faiz, tikinti-quraşdırma işlərinin həcmi isə 5,1 dəfə artmışdır. Bu dövrdə 2912 sahibkarlıq subyekti fəaliyyətə başlamış, 8836 yeni iş yeri açılmışdır ki, onlardan da 3323-ü daimi iş yerləridir. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 3 dəfədən çox artmışdır.
Möhtərəm cənab Prezident!
Sizin diqqət və qayğınız nəticəsində son 4 ildə Ağcabədidə 4 min şagird yerlik 20 orta məktəb binası, 10 əlavə sinif otağı tikilərək istifadəyə verilmiş, 15 məktəb binası isə əsaslı təmir edilmişdir. Rayonda olan ümumtəhsil məktəblərinin 30 faizinin binaları təzələnmiş, uyğunlaşdırılmış binalarda təhsil alan şagirdlərin sayı minimuma endirilmişdir. Fürsətdən istifadə edərək, respublikamızda təhsilin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliğində misilsiz işlərin müəllifi olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, çox hörmətli Mehriban xanım Əliyevaya da dərin minnətdarlığımızı bildiririk.
Son illər rayonda abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını, Prezidentin göstərişi əsasında ayrılmış vəsait və rayonun daxili imkanları hesabına görülən işlərdən danışan natiq bildirdi ki, qısa müddət ərzində Heydər Əliyev Muzeyi istifadəyə verilmiş, Hindarx qəsəbəsində sahəsi 1 hektar olan yeni park salınmış, şəhərdə Ü.Hacıbəyov adına mərkəzi park, “Şəhidlər xiyabanı” və 20 Yanvar abidəsi müasir üslubda tam yenidən qurulmuş, şəhər əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə Qarabağ kanalından 8 kilometrlik su xəttinin çəkilişi başa çatdırılmışdır.
Ötən dörd ildə rayon üzrə 80 min kvadratmetr fərdi mənzil sahəsinin tikilib istifadəyə verildiyini, dövlətimizin əlillərə və şəhid ailələrinə qayğısı sayəsində onlar üçün Ağcabədidə 24 mənzilli evin tikintisinin başa çatdırıldığını, hazırda 16 mənzilli daha bir yaşayış binasının tikildiyini vurğulayan rayon icra hakimiyyətinin başçısı dedi:
- Möhtərəm cənab Prezident, nəqli keçən əsrin 90-cı illərində dayandırılmış təbii qazın Sizin tapşırığınız və xeyir-duanızla bu gün Ağcabədiyə yenidən verilməsi və şəxsən burada iştirakınız ağcabədililərə göstərdiyiniz qayğıya daha bir parlaq nümunədir. Düz bir il əvvəl tapşırıq vermişdiniz ki, Ağcabədiyə təbii qaz xətti çəkilməlidir. Həmişə sözü və işi bir olan cənab Prezidentin tapşırığı vaxtından əvvəl, yüksək səviyyədə yerinə yetirilmiş, uzunluğu 52 kilometrə yaxın olan Bərdə-Ağcabədi magistral xəttinin çəkilişi və şəhər daxilində 20 kilometrlik ortatəzyiqli qaz xətlərinin bərpası başa çatdırılmış, birinci mərhələdə 500 ailə mavi yanacaqdan istifadə imkanı əldə etmişdir. Biz əminik ki, Sizin sayənizdə Ağcabədi şəhərinin qazlaşdırılması bu il başa çatacaq və növbəti illərdə rayonumuzun bütün yaşayış məntəqələrinə də mavi yanacaq veriləcəkdir.
Şahin Məmmədov keçən əsrin 50-ci illərində şəhərə çəkilmiş içməli su xəttinin bugünkü tələbatı ödəmədiyini, içməli su ilə təminat sahəsində ölkədə həyata keçirilən möhtəşəm layihələrə Ağcabədi şəhərinin və eləcə də, onun kəndlərinin də qoşulmasını arzu etdiklərini diqqətə çatdırdı. O daha sonra dedi:
- Möhtərəm cənab Prezidemt, Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqinizdə qarşımızda qoyduğunuz vəzifələrin ilin ilk günlərindən əzmlə və böyük ruh yüksəkliyi ilə həyata keçirilməsinə başlanılmışdır. Sizin tapşırıqlarınızla bağlı rayonumuzda görülməli işlər hələ çoxdur. Sizi əmin edirik ki, ağcabədililər həmişə olduğu kimi, Sizin böyük diqqət və qayğınıza bundan sonra da əməli işləri ilə cavab verəcək, möhtəşəm siyasətinizin həyata keçirilməsində bütün qüvvələrini səfərbər edəcəklər.
X X X
Sonra çıxış edən “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri ƏLİXAN MƏLİKOV dedi:
- Möhtərəm cənab Prezident,
Bu gün biz artıq ənənəyə çevrilmiş və Azərbaycan Respublikası rəhbərliyinin məqsədyönlü strateji xətti kimi davam edən, əhalinin sosial-məişət problemlərinin həllinə yönəldilmiş siyasətin növbəti mərhələsinin həyata keçirilməsində, Ağcabədi rayonuna təbii qazın verilməsi mərasimində iştirak edirik.
Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və cənab Prezident, hazırda Sizin bilavasitə rəhərliyinizlə həyata keçirilən məqsədyönlü və çevik sosial-iqtisadi islahatlar respublikamızda əsaslı dəyişikliklərə səbəb olmuşdur. Həyatın bütün sahələrini əhatə edən quruculuq, abadlıq işləri həyata keçirilir. O cümlədən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına əsasən, regionların təbii qazla təmin edilməsi, qaz təminatının bərpası, əvvəllər qaz almayan bölgələrə qazın verilməsi reallaşmışdır.
Möhtərəm cənab Prezident,
2001-ci ildə, Sizin hələ Dövlət Neft Şirkətində işlədiyiniz vaxt verdiyiniz təklif, yəni idxal qazı hesabına respublikanın qaz almayan şəhər və rayonlarının təbii qazla təminatının bərpası barədə təklifiniz ümummilli liderimiz tərəfindən qəbul edilmiş və “Azəriqaz” SC bu işləri tez bir zamanda həyata keçirmişdir. Üç ay ərzində 22 rayon mərkəzinə təbii qaz verilməsi bərpa edilmiş, 65 min abonent qazdan istifadə etməyə başlamışdı. Cənab Prezident, Sizin nəzarətiniz altında bu işlər sonrakı illərdə davam etdirilərək, mərhələ-mərhələ bir çox rayonların qaz təminatı bərpa olunmuş, əvvəllər qaz almayan Lerik və Yardımlı rayonları qazlaşdırılmış, 13 illik fasilədən sonra, 2005-ci ildə Naxçıvan MR-də qaz təminatı bərpa edilmişdir. Bu işlərin davamı olaraq, indi Ağcabədi rayon mərkəzinə qaz verilir, sonrakı mərhələdə isə Beyləqan rayonuna qazın verilməsi bərpa ediləcəkdir.
1992-ci ildə məlum səbəblər nəticəsində Ağcabədi rayonuna təbii qazın verilməsi dayandırılmışdı. Həm texniki baxımdan, həm də daxili qaz hasilatı həcminin azlığına görə, rayona qazın verilməsi qeyri-mümkün olmuşdu. İndi isə, cənab Prezident, bilavasitə Sizin tapşırığınızla Ağcabədi rayonunun qaz təminatının bərpası qısa müddətə həyata keçirilmişdir. Ağcabədi rayon mərkəzinin qaz təchizatının bərpası üçün aşağıdakı işlər görülmüşdür. Diametri 530 millimetr, uzunluğu 51,8 kilometr olan Bərdə-Ağcabədi magisrtal qaz kəmərinin tikintisi, Ağcabədi qazpaylayıcı stansiyasının əsaslı təmiri, 5 kilometr uzunluğunda Hindarx qaz kəmərinin təmiri, Ağcabədi şəhərində orta və aşağıtəzyiqli 31 kilometr yerli qaz xətlərinin çəkilişi. Hazırda Ağcabədi şəhərində 1300 abonentə qaz verilməsi üçün daşıyıcı şəhərdaxili və küçə qaz kəmərləri çəkilmişdir. 500 abonent üçün layihə-smeta sənədləri əsasında qazlaşdırma işləri aparılmışdır və həmin abonentlər bu gün qazın qəbuluna hazırdır.
Bütün bu işlərin görülməsi üçün büdcədən 20,6 milyon manat vəsait ayrıldığını, hazırda Beyləqan rayonunun təbii qazla təminatının bərpası üçün işlərin davam etdirildiyini və 2008-ci ilin iyulunadək bu rayona da təbii qaz veriləcəyini, beləliklə, Azərbaycanın bütün rayonlarının qazla təmin ediləcəyini vurğulayan “Azəriqaz”ın sədri dedi:
- İndi respublikamızda əhalinin 80 faizi təbii qaz alır. Cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, bu, dünya miqyasında, MDB məkanında kifayət qədər böyük göstəricidir.
Möhtərəm cənab Prezident, mən çoxminli qaz təsərrüfatı işçiləri adından əmin edirəm ki, bundan sonra da kollektiv Sizin bütün tapşırıqlarınızı yerinə yetirəcək, ölkənin qaz təminatında zəruri işləri yerinə yetirərək, yerdə qalan əraziləri, yeni yaşayış massivlərini və obyektləri təbii qazla təchiz edəcək, bu sahədə Sizin tərəfinizdən müəyyən olunmuş strateji xəttin həyata keçirilməsini təmin edəcəkdir.
X X X
Ağcabədi rayon ağsaqqalı AQİL MURADOV Prezident İlham Əliyevi ağcabədililər, rayonun ziyalıları, ağsaqqalları, bütün əhalisi adından salamlayaraq dedi:
- Hörmətli Prezidentimiz, türk dünyasının böyük oğlu, unudulmaz böyük insan, hamımızın fəxri, dayağı olmuş Sizin atanız Heydər Əliyev vaxtilə, Azərbaycana rəhbərliyi dövründə Ağcabədiyə altı dəfə gəlmişdir. O, Ağcabədinin bütün həyatı ilə yaxından tanış olmuş, problemlərin həlli üçün yollar göstərmiş, kənd təsərrüfatı sahəsində, xüsusilə torpaqlarımızın yararlaşdırılması, su təminatı, əkinçilik sahəsində olan geriliyin aradan qaldırılması üçün təklif və tövsiyələrini bildirmişdir. Nəticədə Ağcabədi respublikanın iri kənd təsərrüfatı rayonlarından birinə çevrilmişdi. Onun bu gün də yaşayan ideyaları böyük dağa çevrilmişdir, insanlar buna arxalanırlar. Bu gün Siz, cənab İlham Əliyev, həmin böyük dağın zirvəsindəsiniz. Biz Sizi alqışlayırıq, Siz həmin zirvədən respublikamızın bütün ərazilərinə nəzarət edirsiniz, göstərişlər verirsiniz. Hər yerdə Sizin göstərişləriniz müvəffəqiyyətlə yerinə yetirilir. Hər yerdə gedən quruculuq, tikinti, abadlıq işləri, inkişaf göz önündədir. Xalqımız fərəh içində yaşayır. O cümlədən Ağcabədi rayonunda son iki ildə çox ciddi dəyişikliklər olmuşdur. Bunların hamısı Sizin məqsədyönlü tədbirlərinizin nəticəsidir.
2008-ci ildə regionlara ilk səfəriniz buradan, Qarabağdan başlayıbdır. Biz sevinirik və ümid edirik ki, Sizin səfəriniz uğurlu olacaq və bərəkət gətirəcəkdir. Bu şaxtalı, soyuq havada Sizin gəlişiniz Ağcabədiyə qaz gətirib, istilik gətiribdir. Biz fərəh hissi keçiririk, alqışlar deyirik Sizə ki, bizim əziyyətimizi çəkmisiniz.
Hörmətli Prezidentimiz, - üzr istəyirəm, ağsaqqal kimi və camaatın ümumi fikrini ifadə edib deyirəm, - bütün keyfiyyətlərinizə, əzmkarlığınıza, təmkinliyinizə, hər sahədəki böyük fəaliyyətinizə görə Sizin bütün dünya ölkələri rəhbərləri içərisində xüsusi yeriniz var. Biz həmişə Sizi birinci yerdə görürük. Sizin qətiyyətli fəaliyyətiniz deməyə əsas verir ki, doğrudan da, Siz həmişə xalqımızı hər yerdə yaxşı tanıdırsınız.
Rayona təbii qazın yenidən verilməsini, dövlətimizin başçısının əhalinin kasıb təbəqəsinə diqqət və qayğısını yüksək qiymətləndirən Aqil Muradov daha sonra dedi:
- Xalqımızın çox böyük yaralı bir yeri var. Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Biz bu sahədə Sizə böyük ümidlər bəsləyirik. Sizin təmkinli addımlarınız, dünya ölkələrinin başçıları, onların nümayəndələri ilə görüşlərdə söylədiyiniz qətiyyətli fikirləriniz deməyə əsas verir ki, o, elə bu il, 2008-ci ildə həll olunacaqdır. Çünki Siz torpağımızın bütövlüyünü, sərhədlərimizin müqəddəsliyini həmişə diqqət mərkəzində saxlayırsınız. Biz buna əminik.
Mehriban xanım Əliyeva öz əzmkarlığına, təmkininə görə həmişə yüksək səviyyədə durur. O, xalqımızım mədəniyyətinin, təhsilinin, səhiyyəsinin və digər problemlərinin həllində yaxın köməkçidir. Bu günlərdə respublikada muğam müsabiqəsinin yekunları göstərdi ki, doğrudan da, bu sahədə onun əməyi çox faydalı nəticə verdi, xalqımız gələcəyin sənətkarlarını tapdı. Biz onu alqışlayır, “Allah ona yar olsun!” deyirik.
Hörmətli Prezidentimiz, 2008-ci ildə respublikamızda prezident seçkiləri keçiriləcəkdir. Mən bəri başdan deyirəm, biz əbədi Prezidentimizi seçmişik. Həmin gün seçki məntəqələrinə rəsmiyyət xatirinə gedəcəyik. Seçki bülletenlərini qutuya atacaq və həmin günü böyük bayram edəcəyik. Buna hamımız böyük inamla yanaşırıq.
Cənab Prezidentimiz, Sizə gələcək fəaliyyətinizdə, həyatınızda böyük müvəffəqiyyətlər arzu edirik. Çox sağ olun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.


